BAKI, 24 aprel. TELEQRAF

IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata əsasən monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.

Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.