BAKI, 10 aprel. TELEQRAF

9 aprel 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Teleqraf xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və məktəblilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Əmircan qəsəbəsində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bildirib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsi şagirdlər arasında tariximizə marağın artırılmasında mühüm rol oynayır. Qeyd olunub ki, müsabiqə vasitəsilə şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrlərini daha dərindən öyrənir, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət barədə geniş biliklər əldə edirlər.

Konfrans çərçivəsində şagirdlər müxtəlif tarixi mövzular üzrə təqdimatlarla çıxışlar ediblər. İnteraktiv formatda təşkil olunan konfransda şagirdlər arasında mövzular üzrə müzakirələr aparılıb, onların tarix bilikləri yoxlanılıb. Eyni zamanda proqram çərçivəsində şagirdlərin ifasında vokal, pianino, şeir və milli rəqs nümunələri təqdim olunub, mövzularla bağlı videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin tariximizə, milli-mənəvi dəyərlərimizə marağını artırmaq, onların tədqiqat aparmaq və analitik düşünmək bacarıqlarını inkişaf etdirməkdir. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan bəhs edib.

Tədbirin sonunda müsabiqənin rayon mərhələsində fərqlənən şagirdlər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.