BAKI, 5 aprel. TELEQRAF

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayon ərazisində yağıntılar nəticəsində su basmış sahələrə baxış keçirib və problemlərin aradan qaldırılması üçün tapşırıqlar verib.

Teleqraf xəbər verir ki, baxış zamanı icra başçısı müavinləri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi, Rayon Sukanal İdarəsinin və digər aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.

Məlumata görə, Adil Əliyev atmosfer yağıntılarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub. O, xüsusilə yağış sularının yığıldığı ərazilərdə mövcud problemlərin qısa müddətdə həll olunması üçün müvafiq göstərişlər verib.

Qeyd olunub ki, yaranmış vəziyyətin operativ şəkildə aradan qaldırılması məqsədilə əlavə nasos motorlarının və xüsusi texnikaların əraziyə cəlb olunması tapşırılıb.