BAKI, 1 mart. TELEQRAF
Ötən əsrin 60-80-ci illərində Türkiyə ilə Sovet Azərbaycanı arasındakı mədəni əlaqələrin qurulmasında iştirak edən bir sıra tanınmış elm xadimi, eləcə də bu işə könlünü vermiş insanlar vardı. Mərhum professor Abbas Zamanov, o zamanlar elm nərdivanının ilkin pillələrini addımlayan Əli Yavuz Akpınar kimi şəxslərin sayəsində qarşılıqlı münasibətlər inkişaf edirdi. Abbas müəllim bəzi mühacirlərlə əlaqələr qurmuş, onların əsərlərinin Bakıya gətirilməsinə nail olmuşdu. Eləcə də Ə.Y. Akpınar elmi işini yazmaq üçün Bakıya gəlmiş, Azərbaycan ədəbiyyatı ilə bağlı mühüm əsərlər qələmə almışdı.
Həmçinin o, 1982-ci ildə “Qardaş ədəbiyyatlar” dərgisini yaradaraq bu yolla Azərbaycandakı alimləri də Türkiyədə tanıtmışdı. Təsadüfi deyil ki, jurnalın ilk sayında Abbas Zamanovun fəaliyyəti ilə bağlı məqalə verilib. Bu illərdə Akpınarın tövsiyəsilə Bakıya gələn “köhnə” azərbaycanlılardan biri də məqaləmizin mövzusu olan İbrahim Bozyel idi.
“Yerli azəri türküyəm”
İlk dəfə 1984-cü ildə Azərbaycana gələn İbrahim Bozyel xatirələrini “Azərbaycan diyarından” adlı kitabında qələmə alıb. 1992-ci ildə “Ədəbiyyat qəzeti”nə verdiyi müsahibəsində bioqrafiyası haqqında maraqlı bilgilər söyləyib: “Mən azərbaycanlı yox, yerli azəri türküyəm. Yəni Iğdır bölgəsindənəm. Bu yer dədə-babadan azəri türklərinin olub. Bu yer üçün iddia edən ermənilər qoy, gəlib bizim Qaraqoyunlu kəndinə baxsınlar. Oradakı tarixi abidələrlə, məzarlarla tanış olsunlar. Mən də 1952-ci ildə bu torpaqda dünyaya gəlmişəm”.
.jpg)
“Məşədi İbad rolunu ifa etdim”
Bozyel ilk təhsilini Iğdırda alıb, orta məktəbi İstanbuldakı Kabataş oğlan liseyində bitirib. Daha sonra İstanbul Universitetinin hüquq fakultəsini tamamlayıb, vəkillik fəaliyyəti ilə məşğul olub. Lisey dövründən etibarən mənsubu olduğu Azərbaycan folkloru, musiqisi, ədəbiyyatı ilə maraqlanıb: “Azərbaycan Kültür Dərnəyi ilə əlaqə qurdum. Sizin keçmiş daxili işlər naziri Mustafa Vəkilov, professor Əhməd Cəfəroğlu, millət vəkili Əhməd Sadıq (Məhəmmədsadıq Aranı nəzərdə tutub – D.Ə) o vaxtlar sağdı və dərnəklə əlaqə saxlayırdılar. Mən də onlarla görüşürdüm. Biz onların Azərbaycan dünyalarının görüşü altında yetişdik. Orada azəri teatr dərnəyi düzəltdik. İndi onların məndə afişaları durur. 1972-ci ildə “O olmasın, bu olsun” əsərini hazırladıq. Orada mən əvvəl Rüstəm bəyi, sonra hambal rolunu oynadım. 1976-cı ildə Məşədi İbad rolunu ifa etdim. Daha sonra Əbdürrəhim bəy Haqverdiyevin “Bizim kirayənişin özünü öldürür” əsərinin tamaşasını hazırladıq. Orada Hacı Fərzəli rolunu mənə tapşırdılar. Sonra Azərbaycan folkloru, rəqsləri ilə maraqlandım. Burada artıq bir ifaçı kimi deyil, bir müəllim kimi çalışdım”.
Bozyel 1977-ci ildə Iğdıra dönüb, 1981-ci ildən orada vəkilliklə yanaşı Iğdır liseyində fəlsəfə müəllimi olaraq çalışıb. Həmin liseydə Azərbaycan incəsənəti ilə maraqlanan şagirdləri bir araya gətirərək “Arşın mal alan”ı, “Məşhədi İbad”ı səhnələşdirib. Sovet Azərbaycanı ilə ilk əlaqələrinin yaranması barədə Bozyel bu məlumatları verib: “Azərbaycanla ilk əlaqələrim 1980-ci ildən Əli Yavuz Akpınar vasitəsilə başladı. Mən bilirdim ki, Ərzurum Universitetinin müəllimi Akpınar Azərbaycana gedib-gəlir. Onun vasitəsilə Azərbaycanda özümə dostlar tapdım. 1982-ci ildə Məmməd Aslanı Türkiyəyə dəvət etdim. Səfər zamanı aldığı təəssüratdan o, “Ərzurumun gədiyinə varanda” adlı yaxşı bir kitab yazdı. Bildiyimə görə, həmin əsər Azərbaycanda da yaxşı qarşılanıb. 1984-cü ildə Məmməd Aslanın dəvətilə Bakıya gəldim. Bir aya yaxın Bakıda qaldım. Hüseyn Cavidin yubileyində çıxış etdim”.
“Məmməd Aslanı Türkiyəyə dəvət etmişdi”
Bozyel ilk gəlişiylə bağlı təssüratlarını “Qardaş ədəbiyyatlar” dərgisində çap etdirib. Bozyel Brejnev dövründən etibarən Azərbaycan ziyalılarında milli düşüncənin formalaşdığını, Qorbaçovun vaxtında isə daha da sürətləndiyini bildirib. Onun fikrincə, Stalin zülmünü görmüş millətin bu işləri həyata keçirmək üçün qurban verməsi təbii idi. Bu rejimə rəğmən Azərbaycan 70 ildə öz mədəniyyətini qoruyub saxlaya bilib.
Əli Yavuz Akpınar onunla bağlı qələmə aldığı nekroloq yazıda Azərbaycana ilk səfərinin necə baş verdiyini bu şəkildə xatırlayıb: “Şairlərdən Sabirin xəstəsi idi. Məndən istədiyi ilk kitab o dönəmlərdə Azərbaycan aşiqi bir çox kimsənin axtarıb tapa bilmədiyi Sabirin “Hophopnaməsi”i olmuşdu. Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırımdan bir çox şeir əzbərləmişdi... Azərbaycanı görmək çoxdan bəri İbrahimin bitməz-tükənməz arzu və həsrəti idi. 1981-ci ildə bir Bakı səfərimdən qayıtdıqdan sonra Azərbaycana getməsini asanlaşdırmaq üçün onun azərbaycanlı şair, folklorşünas Məmməd Aslanla əlaqə yaratmasını təmin etmişdim. Məktub dostluğu ilə başlayan, kitab göndərməklə davam edən bu yoldaşlıq qısa zamanda dostluğa çevrilmiş, İbrahim tez bir zamanda Məmməd Aslanı Türkiyəyə dəvət etmişdi. 1983-cü ildə Ankara hava limanında Məmməd Aslanı qarşılamağımızı heç unutmuram. O əsnada erməni terrorçuların (ASALA-çıların) hava limanında bir sabotaj törədəcəkləri xəbər edilmişdi. Heç kimi hava limanına buraxmırdılar. Necə oldusa Yavuz Bülənd Bakilər bəylə qarşılaşdıq. Xatırladığım qədər o, bizə kömək etdi, çıxış salonunda Məmmədi qarşıladıq. İbrahim Məmmədin şəxsində bütün bir Azərbaycanla görüşür, həsrətini ovudurdu. Məmmədi öz maşını ilə Türkiyəni qarış-qarış gəzdirdi. Bu, o zamana qədər heç bir azərbaycanlı şairə, yazıçıya nəsib olmamışdı... Bu səyahətdən sonra 1984-cü ildə Məmməd Aslan İbrahimi Azərbaycana dəvət etdi”.

Bozyel 1988-ci ilə Litvaya qastrol səfərinə gedib. 1990-cı ildə isə dünyanın 33 ölkəsinin iştirak etdiyi Dünya Xalqları Folklor Rəqsləri müsabiqəsində iştirak edib: “Orada Türkiyəni Azərbaycan xalq rəqsləri qrupu təmsil edirdi. Həmin tədbirdə birinci yeri tutduq. Oraya Ankaradakı “Tubi” xalq oyunları dərnəyi ilə birgə getmişdik. Müsabiqə Fransanın Bijo şəhərində keçirilirdi. Sonra mənim yazdığım “Evimizə gəlin gəlir” adlı tamaşanı hazırladıq. Bu tamaşada əsas etibarilə Türkiyədəki Azərbaycan türklərinin ənənəsindən, məsələn xınayaxdıdan, toydan bəhs edilirdi. Həmin əsəri musiqili komediya şəklində hazırladıq. Onu Sivas, Qars, Ankara və İstanbulda göstərdik”.
“Bu mitinqlərlə erməniləri başa salmaq istəyirdik ki...”
1990-cı ildə Rusiyanın törətdiyi 20 Yanvar qırğınına etiraz olaraq ən güclü mitinqlərdən biri Iğdır şəhərində baş tutmuşdu. İbrahim bəy həmin günləri belə xatırlayırdı: “1990-cı ilin yanvar ayında Azərbaycanda baş verən qırğınla əlaqədar bütün siyasi partiyaların, daha dəqiq desək, bütün xalqın iştirakı ilə mitinqlər keçirildi. Ürəyində Azərbaycan sevgisi olanların hamısı mitinqə gəlmişdi. Əsas məqsədimiz o idi ki, qatillərə bildirək: Sizin qırdığınız insanlar burada yaşayanların qardaşlarıdır. Bu mitinqlərlə erməniləri başa salmaq istəyirdik ki, əvvəl-axır açılacaq qapı buradan – Iğdırdan keçəcək. Fevral ayında isə məni Almaniyaya çağırdılar. Almaniyanın, Hollandiyanın, Belçikanın bir çox şəhərlərində toplantılar çağırıb Avropaya yanvar hadisələri haqqında məlumat verdik”.
.jpg)
Ərzincan yolunda qəza
1992-ci ilin fevral ayında Bozyelin Bakı, Sumqayıt və Şamaxıda “Qərənfillər ağlamasın” əsəri səhnəyə qoyulub.
İbrahim bəy Rübabə adlı xanımla ailə həyatı qurub. İlkcan, Nazan, Atacan adlı övladları dünyaya gəlib.
O, 1997-1998-ci illərdə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquqdan dərs deyib. 1996-cı ildə Iğdır barosunun sədri seçilib.
İbrahim bəy 23 may 1998-ci ildə Ərzincana yaxın bir yerdə baş verən avtomobil qəzasında həyatını itirib. “Qardaş ədəbiyyatlar” dərgisinin 43-cü sayı onun xatirəsinə həsr olunub. Bu sayda Yavuz Akpınar, Sabir Rüstəmxanlı, Kamil Vəli Nərimanoğlu, İsa Həbibbəyli, Nazim Muradoğlu və digərləri xatirə yazılar qələmə alıblar.
İbrahim Bozyelin “Azərbaycan diyarından” adlı əsəri dilimizə də uyğunlaşdırılıb. Həmin əsər Sovet Azərbaycanının Türkiyədə tanıdılması üçün önəmli mənbə idi. Necə ki, Məmməd Aslanın da “Ərzurumun gədiyinə varanda” kitabı o dövrün ən qiymətli kitablarındandı.
İbrahim Bozyel kimi insanların səfərləri, yazıları Türkiyə və Azərbaycanın bir-birinə ac olduğu dönəmlərin ən qiymətli xatirələridir.

