BAKI, 20 fevral. TELEQRAF
Azərbaycan Hakimlərinin ikinci Forumu keçirilib.
Teleqraf xəbəf verir ki, tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edib.
O bildirib ki, bu mötəbər toplantıda iştirak etdiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm: "Müstəqil Azərbaycan Respublikasında ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik prinsiplər əsasında formalaşaraq fəaliyyət göstərməsi ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev 1998-ci il “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi, məhkəmə aparatının modernləşdirilməsi, regionlarda məhkəmə sisteminin gücləndirilməsi və hakimlərin peşəkarlığının artırılması sahəsində atdığı addımlarla ölkəmizdə məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması üçün möhkəm təməl yaratmışdır. Bu islahatlar həm hüquqi dövlət quruculuğu, həm də vətəndaşların hüquqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edib".
Daha sonra digər tədbir iştirakçıları, üç hissədən ibarət panel çıxışlar olub.
Iştirakçılar “Rəqəmsallaşma və süni intellektin tətbiqi”, “İnzibati orqanların fəaliyyətində məhkəmənin rolu: təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, bərabər yanaşma və etimadın qorunması”, və “Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar” mövzusunda müzakirələr aparılıb.
Bundan başqa, tədbir çərçivəsində Hakimlər İttifaqının illik hesabatı təqdim olunub və Məhkəmə-Hüquq Şurasının üzvlüyünə seçkilər keçirilib.
Sonda tədbirin bağlanış mərasimi keçirilib.
***
12:15
Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyan bir dövrə təsadüf edir. Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır: "Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir”.
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib ki, 2025-ci il məhkəmə hakimiyyəti üçün də kifayət qədər məhsuldar və uğurlu olub. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində qanunvericilik və institusional islahatlar aparılıb, bu islahatların beynəlxalq aləmdə təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilib: "Vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və mövqelərin proqnozlaşdırılan olmasının təmin edilməsi istiqamətində işlər davam etdirilib".
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb ki, konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır: "Konstitusiya dövlət hakimiyyətinin sərhədlərini müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat verir və ictimai münasibətlərin tənzimlənməsinin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan Konstitusiyada təsbit edilmiş təməl prinsiplərin düzgün anlaşılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır".
Açılış mərasiminin sonunda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib, onlara mükafatlar təqdim olunub.
Forum panel müzakirələrlə davam edir.
Qeyd edək ki, 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.
***
10:00
Azərbaycan Hakimlərinin ikinci Forumu keçirilir.
Teleqraf-ın xəbərinə görə, forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların, qarşıda duran vəzifələrin və ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışların müzakirəsi planlaşdırılır.
Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Belə ki, iştirakçılar “Rəqəmsallaşma və süni intellektin tətbiqi”, “İnzibati orqanların fəaliyyətində məhkəmənin rolu: təkrarlanan işlər, inzibati praktikanın yenilənməsi, bərabər yanaşma və etimadın qorunması”, və “Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar” mövzusunda müzakirələr aparacaqlar.
Bundan başqa, tədbir çərçivəsində Hakimlər İttifaqının illik hesabatı təqdim olunacaq və Məhkəmə-Hüquq Şurasının üzvlüyünə seçkilər keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Hakimlərin ilk Forumu ötən ilin fevralın 28-də keçirilib.