BAKI, 20 fevral. TELEQRAF
Bakıda ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində növbəti mühüm addım kimi tramvay xəttinin yenidən bərpası məsələsi gündəmə gəlib.
Teleqraf-ın xəbərinə görə, uzun illər əvvəl ləğv edilən tramvay infrastrukturunun paytaxtda yenidən qurulması həm nəqliyyat sıxlığınının azaldılması,həm də ekoloji cəhətdən daha təmiz və dayanıqlı daşıma modelinə keçid baxımından əhəmiyyətli hesab olunur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə tıxac bütün iri şəhərlər üçün xarakterik haldır:
“Sıxlıq elementi mənfi deyil, əksinə, müəyyən mənada müsbət göstərici kimi dəyərləndirilməlidir. Bu, böyük şəhərlərdə gözləniləndir, çünki əhali sayı çoxdur. Əsas məsələ həmin əhalinin hansı nəqliyyat vasitələri ilə hərəkət etməsidir. Sıxlıq varsa, onu daha optimal idarə etmək lazımdır. Bunun üçün fərqli və çeşidli hərəkət növləri təşkil olunmalıdır: qısa məsafələrdə piyada və mikromobillik, orta və uzun məsafələrdə isə ictimai nəqliyyatın müxtəlif növləri – avtobus, tramvay, metro və şəhərətrafı elektrik qatarları. Şəhər daxilində daha çox sərnişin daşımaq imkanına malik yüngül relsli nəqliyyat növü isə tramvaydır”.
Ekspertin sözlərinə görə, tramvay avtobusla müqayisədə daha effektivdir:
“Tramvay bir neçə avtobusun daşıdığı sərnişini eyni anda daşıya bilir. Ən bahalı resurs torpaqdır və ondan səmərəli istifadə əsas prioritetlərdəndir. Eyni sahədə daha çox sərnişin daşıyan nəqliyyat növünün inkişaf etdirilməsi vacibdir. Küçələrin müəyyən hissəsi transformasiya olunaraq tramvay xətti üçün ayrılacaq. Küçə dövlət torpağıdır və onun bir hissəsinin ictimai nəqliyyata verilməsi ciddi alternativ yaradacaq. Bu zaman insanlar fərdi nəqliyyat vasitələrindən daha çox sürətli, komfortlu və müasir tramvaylara üstünlük verəcəklər. Bunun nümunəsi var. Məsələn, Yerusəlimdə bəzi küçələr yalnız tramvayların hərəkəti üçün açıqdır, digər nəqliyyat vasitələrinin girişi qadağan edilib. Tramvay eyni anda 300-dən çox sərnişin daşıya bilir. Onun istismar müddəti təxminən 40 ildir. Avtobuslarda isə bu müddət orta hesabla 15 ildir və daşıma qabiliyyəti 80–100 sərnişinlə məhdudlaşır”.
Mütəxəssis layihənin icra müddəti və mərhələlərində toxunub:
“İlkin mərhələdə xətt Mehdiabad, Binəqədi və 28 May istiqamətini əhatə edəcək və 2030-cu ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə isə beş istiqamət planlaşdırılıb. Digər marşrutlardan biri Sea Breeze-dən Pirşağıya, oradan isə Mehdiabada qədər uzanacaq. Daha bir istiqamət 28 Maydan bulvar boyu Bayıla qədər, digəri isə 28 Maydan başlayaraq bulvar, Ağ şəhər və Nargilə ərazisindən keçməklə Həzi Aslanova qədər nəzərdə tutulur.
Bundan əlavə, şimal–cənub istiqaməti üzrə Mehdiabaddan dəmiryoluna paralel şəkildə 8 Noyabr ərazisinə qədər yeni avtomobil yolunun tikintisi planlaşdırılır. Həmin yolun tərkib hissəsi kimi tramvay xətti də nəzərdə tutulur və bu xətt ümumi şəbəkəyə inteqrasiya ediləcək. Qeyd etdiyim dörd layihənin 2030-cu ildən sonra icrası planlaşdırılır. 2030-cu ilə qədər isə yalnız bir istiqamət üzrə işlərin tamamlanması nəzərdə tutulub”.
Rauf Ağamirzəyev əlavə edib ki, tramvay xətlərinin metro və avtobuslarla inteqrasiyası da planlaşdırılır:
“Marşrutların həm dəmiryolu, həm də metro stansiyaları ilə əlaqələndirilməsi aparılacaq. Bu, multimodal daşınmanı və rahat inteqrasiyanı təmin edəcək. Gediş haqqı ilə bağlı məsələlərə isə zamanla aydınlıq gətiriləcək. Ölkədə bu ildən etibarən brutto müqavilələrə keçid planlaşdırılır. Hesab edirəm ki, bu model çərçivəsində günlük, aylıq və illik paketlər, 90 dəqiqə ərzində pulsuz transfer imkanı, eləcə də həssas qruplar üçün güzəştlər kimi mexanizmlər tətbiq oluna bilər. Tramvay da bu konsepsiyanın tərkib hissəsi olacaq”.