BAKI, 17 fevral. TELEQRAF
"Prezident İlham Əliyev azərbaycanlılara qarşı cinayətlər törədən erməniəsilli şəxslərin Bakıda ədalətli şəkildə mühakiməsi ilə bağlı qəti iradə və prinsipiallıq nümayiş etdirdi. Xalqımız qarşısında verdiyi sözü həmişə olduğu kimi tutdu. Dövlətimizin qətiyyətli mövqeyi nəticəsində bütün əks-cəhdlər boşa çıxdı. Cinayətkarların mühakiməsi baş tutdu və onlara hökm oxundu. Minlərlə insanın qanına bais olmuş şəxsləri bağışlamaq qeyri-mümkündür".
Bunu Teleqraf-a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
Səadət Bənanyarlının sözlərinə görə, məhkəmənin açıq və şəffaf keçirilməsi Azərbaycan üçün çox önəm daşıyırdı.
"Bu gün sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğu maliyyələşdirmək və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana da hökm oxundu. Bu cinayətkarlara lazımi cəzalar verildi. İndi kimlərsə bu cəzaların yüngül və ya ağır olduğunu iddia edə bilər. Bu, onların öz fikirləridir. Amma dövlətimiz tərəfindən verilən cəzaları biz dəstəkləyirik", - deyə qeyd edib.
Hüquq müdafiəçisi bildirib ki, məhkəmə prosesi bütün digər ölkələr və beynəlxalq qurumlar üçün də maraqlı idi:
"Onlar hər hansı bir prosesdə pozuntuların olub-olmadığına dair müşahidələr aparırdılar. Ölkəmizə məhkəmə ilə əlaqədar xaricdən güclü və əsassız təzyiqlər var idi. Lakin bunlar cənab Prezidentin bu sahədə qəti mövqeyinə heç bir təsir göstərmədi. Çünki Azərbaycan lideri hələ 44 günlük müharibədən əvvəl Xocalı soyqırımını və digər cinayətləri törədən şəxslərin layiqli cəza alacaqlarını və günahsız qurbanların qanının yerdə qalmayacağını demişdi. Məhkəmənin yekunlaşması artıq özlüyündə müsbət haldır. Çıxarılan hökm məhkəmənin prioritetidir. İndi bundan sonra hansı addımların atılacağı və prosesin necə davam edəcəyi hüquq müdafiəçiləri olaraq bizlər üçün maraq kəsb edir. Müdafiə təşkilatlarının nümayəndələri kimi bu prosesin monitorinqini aparacağıq".