BAKI, 17 fevral. TELEQRAF

Bu gün Ağdama köç edən sakinlərə mənzillərinin açarları təqdim olundu.

Teleqraf xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:51

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə şəhərə 419 nəfərdən ibarət 120 ailə köçürülüb.

***

06:25

Bu gün Ağdam şəhərinə növbəti köç yola salınıb.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 419 nəfərdən ibrət 120 ailə köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün Fazilə Novruzovanın üç qardaşı müharibədə şəhid olub:

"Köçkün düşdüyümüz o günləri xatırlamaq çox çətindir. Anamla, qardaşlarımla gəlmişdim. Onlar bizi qoyub, silaha sarılıb müharibəyə getdilər. Həyatımız alt-üst olmuşdu.

İndi Allah min şükürlər olsun ki, yenidən o torpaqlara qayıtmaq şansımız var. Təəssüf ki, anam bu günləri görmədi, amma bilirəm ki, ruhu şaddır. Bu xoşbəxtliyi bizə yaşadan Prezidentimiz İlham Əliyevə, qazilərimizə Allah can sağlığı versin, vətən yolunda canından keçən şəhidlərimizə isə rəhmət eləsin".