BAKI, 12 fevral. TELEQRAF
Son dövrlərdə Azərbaycana Yaponiyadan badımcan idxalı ictimaiyyətdə maraq və suallar doğurub. Yerli istehsalın mövcud olduğu bir şəraitdə uzaq məsafədən kənd təsərrüfatı məhsulunun gətirilməsi iqtisadi səmərəlilik, keyfiyyət standartları və bazar tələbatı baxımından müzakirə mövzusuna çevrilib. Çünki rəsmi statistikaya görə, ötən ilin yanvar–noyabr aylarında Azərbaycana 4,3 milyon ABŞ dolları dəyərində 8 min 667 ton badımcan idxal olunub. Sual yaranır, niyə Yaponiyadan ölkəmizə badımcan gətirilir?
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsi də daxil olmaqla, bir çox istiqamətlər üzrə digər ölkələrlə əməkdaşlıq edir:
“Bu əməkdaşlıq çərçivəsində dövlətlərarası mühüm sənədlər imzalanıb. Sözsüz ki, qarşıya qoyulan öhdəliklər var və idxal–ixrac prosesi həmin öhdəliklərə uyğun şəkildə, dövlətlərin milli maraqları əsasında həyata keçirilməlidir. Yaponiya ilə Azərbaycan arasında münasibətlər son illərdə inkişaf etməkdədir. Əgər biz hər hansı bir məhsulu Yaponiyadan idxal ediriksə, bu, müəyyən əməkdaşlıq münasibətlərinə xidmət edir”.

Deputat qeyd edib ki, Azərbaycan da öz növbəsində kənd təsərrüfatı məhsullarını xarici ölkələrə ixrac edir: “Tərəvəz, meyvə, şəkər, yun, pambıq ipliyi və digər məhsullar xarici bazarlara çıxarılır. Həmin ölkələr də bu məhsulları alaraq öz daxili tələbatlarını müəyyən dərəcədə ödəyirlər. Əlbəttə, ölkəmizdə badımcan istehsalı mövcuddur. Lakin bu əsasən isti aylara təsadüf edir. Qış aylarında Yaponiyada badımcanın keyfiyyətli şəkildə yetişdirilməsi üçün süni imkanlar var. Bu məhsula tələbat olduğu üçün qış mövsümündə Yaponiyadan Azərbaycana idxal olunması təəccüblü deyil. Çünki bu dövrdə ölkəmizdə badımcan yetişdirilmir. İstixana şəraitində istehsal isə daha çox zəhmət və vəsait tələb edir. Görünür, sahibkarlar bunu nəzərə alaraq fərqli seçim edirlər”.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Teleqraf-a bildirib ki, statistik göstəricilər ölkədə kifayət qədər badımcan istehsalının olduğunu göstərir:
“Hazırda ölkədə illik təxminən 90–100 min ton badımcan istehsal olunur. Lakin tələbat 100–132 min ton civarındadır və bu da daxili istehsal hesabına tam ödənilmir. İdxalın əsas səbəblərindən biri də məhz budur. Digər səbəb isə Yaponiyadan idxal olunan badımcanın daha yüksək keyfiyyətə malik olmasıdır. Bu məhsul əsasən müəyyən restoranlar və xüsusi istehlakçı seqmenti üçün gətirilir. Qiyməti baha olsa da, alıcısı var və tələbat yüksəkdir”.

İqtisadçı yerli istehsalın olduğu şəraitdə uzaq məsafədən kənd təsərrüfatı məhsullarının gətirilməsinə də münasibət bildirib: “Hazırda mövcud logistika imkanları uzaq məsafədən məhsul idxalına ciddi məhdudiyyət yaratmır. İstənilən məhsulu Braziliyadan, Çindən, İndoneziyadan və ya Avstraliyadan idxal etmək mümkündür. Logistik imkanların inkişafı bu prosesi xeyli asanlaşdırıb”.
Eyyub Kərimli qeyd edib ki, ölkəmizdə badımcan istehsalı üçün münbit şərait mövcuddur: “Əgər badımcana tələbat artarsa, yerli istehsal da genişləndirilə bilər. Bu halda idxalın həcmi azalacaq. İdxal məsələsi həm də mövsümi amillərlə bağlıdır. Ölkəmizdə bu məhsul əsasən müəyyən mövsümlərdə yetişdirilir. Qeyri-mövsüm dövrlərdə isə Yaponiyadan idxal daha səmərəli hesab olunur. Burada əsasən ticari maraqlar ön plana çıxır”.
İqtisadçı Xalid Kərimli isə Teleqraf-a bildirib ki, Yaponiyadan idxal olunan badımcana tələbat daha yüksəkdir: “Badımcanın müxtəlif növləri və sortları var. Yaponiyadan idxal olunan badımcan digər növlərdən dadı və keyfiyyəti ilə fərqlənir. Xüsusilə, salat və bəzi yeməklərin tərkibində istifadə edildikdə dad keyfiyyətini artırır. Məhz bu səbəbdən də ölkəmizə idxal olunur. Alıcı da baha olsa belə, keyfiyyətli məhsula üstünlük verir”.

Xalid Kərimli ölkədə badımcan istehsalı ilə bağlı məsələyə də aydınlıq gətirib: “Azərbaycanda 2 milyon hektara yaxın əkinə yararlı torpaq sahəsi var. Bunun 600–700 min hektarında buğda əkilir. Qalan torpaq sahələrinin bir hissəsi isə şoranlaşdığı üçün bir çox tərəvəz bitkiləri, o cümlədən badımcan üçün yararsızdır. Təbii ki, ölkədə badımcan istehsalı mövcuddur və bazara yerli məhsul çıxarılır. Lakin iqlim şəraitinə görə, məhsul əsasən isti aylarda yetişdirilir. İstixana şəraitində becərilməsi isə baha başa gəldiyindən qış aylarında Yaponiyadan idxal daha məqsədəuyğun hesab olunur”.