BAKI, 7 yanvar. TELEQRAF

Son vaxtlar minimum əmək haqqının 500 manata çatdırıla biləcəyi ilə bağlı yayılan müzakirələr ictimai maraq doğurur. Artımın hansı məbləğdə olacağı, bununla bağlı qərarın nə vaxt qüvvəyə minəcəyi və əmək bazarına necə təsir göstərəcəyi hələlik açıq qalır.

Məsələ ilə bağlı ekspert Vüqar Bayramov Teleqraf-a açıqlamasında bildirib ki, sosial sahədə bir sıra artımlar qanunvericiliklə tənzimlənir:

"Əmək pensiyaları haqqında" qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizi qədər indeksləşdirilərək artırılacaq. Bu çərçivədə 2026-cı ildə əmək pensiyalarının orta hesabla 9–12 faiz arasında artırılması planlaşdırılır".

Ekspert qeyd edib ki, artım bütün növ əmək pensiyalarına , yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil olunacaq. Nəticədə təxminən 1 milyon 100 min vətəndaşın pensiya məbləğində artım gözlənilir.

Vüqar Bayramov vurğulayıb ki, qanunvericilikdə ehtiyac meyarının artırılması ilə bağlı da dəyişikliklər nəzərdə tutulur:

"Bu dəyişikliklər ünvanlı sosial yardım məbləğinin yüksəlməsinə səbəb olacaq. Artımlar yalnız yeni ünvanlı sosial yardım alan vətəndaşlara şamil ediləcək. Eyni zamanda, maaş artımları müvafiq normativ sənədlərlə tənzimlənəcək və 2025-ci ildə minimum əməkhaqqının artırılması istiqamətində tədbirlər görüləcək".

Ekspertin sözlərinə görə, 2026-cı ildə də sosial təminat tədbirləri prioritet olaraq qalacaq:

"2025-ci ildə minimum əməkhaqqı 400 manata qədər artırılıb, həmçinin bir sıra sektorlarda əməkhaqları yüksəldilib. Nazirlər Kabinetinin qərarları ilə bəzi sahələrdə vəzifə maaşlarının tənzimlənməsi həyata keçirilib".

Vüqar Bayramov əlavə edib ki, ümumilikdə dövlət və icbari sosial sığorta istiqamətində 17 milyard 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur:

"Bu məbləğ büdcə xərclərinin 41 faizindən çoxunu təşkil edir ki, bu da 2026-cı ildə sosial təminat tədbirlərinin yenidən əsas prioritetlərdən biri olacağını göstərir".

İqtisadçı Xalid Kərimli isə bildirib ki, yaxın gələcəkdə minimum əməkhaqqının 25 faiz artırılması gözlənilmir:

"Məsələ yalnız dövlət sektorunda verilən əməkhaqqı ilə məhdudlaşmır, eyni zamanda özəl sektorun ödədiyi maaşlara da birbaşa təsir göstərir.Minimum əməkhaqqı hamıya tətbiq olunur. Hazırda 400 manat az görünə bilər, lakin özəl sektorun zəif inkişafı bu artımı çətinləşdirir”. Adətən minimum əməkhaqqı artımı iki ildən bir, ilin sonunda büdcə paketi çərçivəsində təsdiqlənir.2026-cı il üçün inflyasiya proqnozları stabildir və ciddi iqtisadi dəyişiklik gözlənilmir. Bu səbəbdən ilin ortasında artım ehtimalı çox aşağıdır".

Ekspert vurğulayıb ki, minimum əməkhaqqının artırılması özəl sektorda vergi və sosial sığorta xərclərinin artmasına səbəb olur:

"Xüsusilə kiçik sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Eyni zamanda, əməkhaqqı artımı inflyasiyaya təsir göstərə bilər, çünki əmək xərcləri məhsul və xidmətlərin qiymətinə daxil edilir".

Xalid Kərimlinin fikrincə, minimum əməkhaqqının növbəti artımı 2027-ci ildə baş verə bilər:

"Bu artımın isə inflyasiya səviyyəsinə uyğun və mərhələli şəkildə həyata keçirilməsi daha real görünür. Artım olacağı təqdirdə minimum əməkhaqqının 450 manata qədər yüksəldilməsi ehtimal olunur. Kəskin artımın iqtisadiyyat və özəl sektor üçün problemlər yarada biləcəyi qeyd olunur".