BAKI, 28 dekabr. TELEQRAF

Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.

Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz səpilir.

Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər göstərilir.

Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.