BAKI, 27 dekabr. TELEQRAF

Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanmış “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası keçirilib.

Teleqraf xəbər verir ki, ənənəyə uyğun qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr olub.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu tamaşa maraqla qarşılanıb.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta Babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətdən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər.

Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.