BAKI, 27 dekabr. TELEQRAF
Vəkil Günü peşə bayramı münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli sərəncamına əsasən hər il dekabrın 28-i Azərbaycan Respublikasında Vəkil Günü peşə bayramı qeyd olunur.