BAKI, 29 dekabr. TELEQRAF
Bakı və digər şəhərlərin yollarında bəzən yol nişanları ilə yol xətləri arasında uyğunsuzluq yaranır, eləcə də yol nişanları ilə üfüqi nişanlanma bir-birinə zidd görünür. Xüsusilə yol xətlərinin silinməsi və ya hava şəraiti səbəbindən görünməz hala düşməsi sürücülər üçün çaşqınlıq yaradır. Belə hallarda sürücünün hansı qaydaya üstünlük verməli olduğu məsələsi yol hərəkəti təhlükəsizliyi baxımından aktuallığını qoruyur.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Teleqraf-a açıqlamasında bildirib ki, yol nişanları ilə yol xətləri arasında ziddiyyət yarandıqda sürücülər yol nişanlarına üstünlük verməlidir.
Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” qanuna əsasən şaquli yol nişanları və lövhələr yol xətlərindən üstündür: “Əgər yol xətti bir cür, yol nişanı isə başqa cür tələb edirsə, sürücü mütləq yol nişanına əməl etməlidir”.
Ekspert vurğulayıb ki, müvəqqəti yol nişanları daimi nişan və yol xətlərindən də üstündür:
“Burada konkret üstünlük ardıcıllığı var. Birinci yol polisi əməkdaşı, ikinci müvəqqəti yol nişanları əsasən sarı fonda olur, üçüncü daimi yol nişanları, dördüncü isə yol xətləridir”.
Eldəniz Cəfərov eyni ərazidə bir-birinə zidd iki yol nişanı olduqda sürücünün hansı nişana üstünlük verməli olduğuna da aydınlıq gətirib:
“Müvəqqəti nişanlar daimi nişanlardan üstündür. Sonradan quraşdırılan və konkret məna daşıyan nişan əsas götürülür. Qadağanedici nişanlar adətən xəbərdaredici nişanlardan üstün sayılır. Əgər nişanlar arasındakı ziddiyyət açıq-aşkar texniki səhvdirsə, bu hal sonradan mübahisə mövzusu ola bilər”.
Ekspert bildirib ki, yol nişanı ilə svetaforun göstərişləri uyğun gəlmədikdə həmişə svetafora tabe olunmalıdır: “Burada da üstünlük ardıcıllığı mövcuddur. Yol polisi əməkdaşı varsa, bütün nişanlar və svetaforlar ikinci dərəcəli sayılır. Yol polisi yoxdursa, birinci svetafor, sonra yol nişanları, ən sonda isə yol xətləri əsas götürülür. Məsələn, "giriş qadağandır" nişanı olsa belə, svetafor yaşıl işıq yandırırsa, sürücü svetafora əməl etməlidir”.
Yol xətlərinin tam silindiyi və ya hava şəraitinə görə görünmədiyi hallara da toxunan Eldəniz Cəfərov bildirib ki, bu, sürücüyə tam sərbəstlik vermir:
“Sürücü yolun zolaqlarına, eninə, oxuna və ümumi konstruktiv xüsusiyyətlərinə əsaslanaraq hərəkət etməlidir. Xətt görünmür deyərək qaydaları pozmaq olmaz, bu, bəzi hallarda bəhanə kimi də qiymətləndirilə bilər”.
Ekspert qeyd edib ki, yol xətləri görünmədikdə belə qəza baş verərsə, ümumi qaydaları pozan sürücü məsuliyyət daşıyır:
“Əgər sürücü sürət həddini aşıbsa, təhlükəli manevr edibsə, ara məsafəni saxlamayıbsa, məsuliyyət onun üzərində qalır. Qəzanın əsas səbəbi yol infrastrukturu, yəni xəttin silinməsi, nişanın olmaması və ya görünüşün zəif olmasıdırsa, bu hal yüngülləşdirici amil kimi nəzərə alına bilər. Məsələ video, foto görüntülər və şahid ifadələri əsasında araşdırılır”.
Eldəniz Cəfərov əlavə edib ki, yol xətləri silinsə belə, bəzi hallarda yol polisi əməkdaşları cərimə tətbiq edə bilər:
“Əgər yol nişanı mövcuddursa və ümumi qaydalar pozulubsa, yol xətlərinin olmaması sürücünü məsuliyyətdən azad etmir. Lakin xəttin olmaması pozuntunun əsas səbəbidirsə və sürücü bunu sübut edə bilirsə, cəriməyə etiraz etmək mümkündür və məsələ sürücünün xeyrinə də həll oluna bilər”.