BAKI, 1 aprel. TELEQRAF
Bakının Nəsimi rayonu ərazisində yerləşən Zorge parkında tikinti işlərinin aparılması narazılığa səbəb olub.
Teleqraf xəbər verir ki, tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək, parkın ərazisində qanunsuz tikinti və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi ittihamlar irəli sürüb.
Memar dövlət qurumlarını aşkar qanun pozuntularına reaksiya verməməkdə günahlandırıb.
E.Əliyevə görə, ərazidəki məlumat lövhəsində binanın cəmi birmərtəbəli olacağı göstərilsə də, hazırda faktiki olaraq üçüncü mərtəbənin inşasına başlanılıb:
"Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina ucalır. Məlumat lövhəsində cəmi bir mərtəbə göstərilsə də, artıq zirzəmi və birinci mərtəbədən sonra üçüncü mərtəbə tikilir. Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti və Nəsimi rayonunun baş memarı mənə şəxsən binanın yalnız birmərtəbəli olacağını bildirmişdilər".
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar bildiririk ki, sözügedən ərazidə zirzəmisi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.
"Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb.
Hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.
Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur".