BAKI, 10 dekabr. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dekabrın 9-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda regional ofisini ziyarət edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Şeyxülislamı səmimi salamlayaraq İslam dünyasının tanınmış dini liderinin bu məkana gəlişini olduqca əhəmiyyətli hadisə kimi dəyərləndirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki əsrlər boyu sivilizasiyaların qovuşduğu yer və sülhün beşiyi olan Bakının mərkəzində təhsil, elm, mədəniyyət və kommunikasiyanın, müasirliyin və adət-ənənənin harmoniya içində qovuşduğu bir mərkəz olan regional ofisin Azərbaycan və Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərini ehtiva etdiyini vurğulayıb, region ölkələrinin stendləri ilə Şeyxülislam A. Paşazadəni tanış edib.

Şeyxülislam A. Paşazadə bildirib ki, İslam dünyasının mənafeləri naminə elm, təhsil, mədəniyyət əlaqələrinin dərinləşməsinə böyük töhfələr verən İSESKO dini-mənəvi dəyərlərimizin qorunması və inkişafı yönündə olduqca dəyərli işlər görür. Bakı ofisinin bu ilin aprelində açılışından keçən qısa dövr ərzində böyük dəyər kəsb edən işlər görüldüyünü qeyd edən QMİ sədri xüsusi vurğulayıb ki, regional ofisin məhz Azərbaycanda, Bakının ən görkəmli və tarixi məkanında açılması ölkəmiz adına şərəfli hadisə, Azərbaycan dövlətinin, onun liderinin – Zati-aliləri Prezident İlham Əliyev cənablarının beynəlxalq əhəmiyyətli səylərinin bəhrəsi, İslam həmrəyliyi ideyalarına ehtiramı və İCESKO-ya ali diqqətinin təzahürüdür.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi və İSESKO arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra Şeyxülislam A. Paşazadə və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki İçərişəhərdə yerləşən Tolerantlıq Evini ziyarət edib, bu unikal məkanın dəyərli eksponatları ilə tanış olublar.