BAKI, 5 dekabr. TELEQRAF
Son aylarda ölkədə dəm qazından zəhərlənmə hallarının artması müşahidə olunur. Bu kimi hadisələr əsasən məişət qazı ilə ehtiyatsız davranış, qızdırıcı cihazların texniki nasazlığı və yaşayış məkanlarında zəif havalandırma səbəbindən baş verir.
Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır:
“Məişətdə dəm qazı ilə işləyən cihazlardan istifadə edilərkən təhlükəsizlik əsas prinsip olmalıdır. Qış aylarında istilik tələbatı artır və bu zaman cihazlardan düzgün istifadə edilmədikdə yanğın, partlayış və zəhərlənmə riski yaranır.”
Ekspertin sözlərinə görə, dəm qazı yanma prosesi düzgün getmədikdə – otaqda kifayət qədər hava olmadıqda, tüstü bacası işləmədikdə və ya normativlərə uyğun olmadıqda əmələ gəlir:
“Dəm qazı olan otaqlarda hava dövriyyəsi təmin olunmalı, tüstü bacaları daim işlək vəziyyətdə saxlanmalı və ildə ən azı iki dəfə təmizlənməlidir. Qaz cihazlarına kənar müdaxilə etmək olmaz, yalnız ixtisaslaşmış müəssisələr tərəfindən texniki baxış aparılmalıdır.”
Elmar Nurəliyev əlavə edib ki, qaz cihazı olan məkanlarda dəm qazı və qaz sızması detektorları quraşdırılmalıdır:
“Detektorlar sızma zamanı xüsusi səs siqnalı ilə xəbərdarlıq edir və bu, mümkün faciələrin qarşısını almağa kömək edir.”
Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov isə bildirib ki, qaz cihazlarının texniki baxışı mövsümdən asılı olmayaraq il boyu davamlı aparılmalıdır:
“Qaz təsərrüfatında çalışan şəxslər peşəkar olmalı, təhlükəsizlik qaydalarını bilməli və mütəmadi olaraq imtahanlardan keçməlidirlər ki, əhalini də düzgün maarifləndirə bilsinlər.”
O, həmçinin əhalinin yol verdiyi təhlükəsizlik səhvlərinə diqqət çəkib:
“İnsanlar bəzən qazı söndürmədən yatırlar ki, bu da zəhərlənmə ilə nəticələnə bilər. Dəm qazı olan yerlərdə yatmaq çox risklidir. Tüstü bacası dam səviyyəsindən ən azı yarım metr yuxarıda olmalıdır. Güclü külək zamanı da dəm qazı geri qayıdaraq evə dolur və bu da təhlükə yaradır. Hamamda olan su qızdırıcıları saz vəziyyətdə olmalı, qapının alt hissəsində havalandırma üçün açıq sahə olmalıdır. Tüstü bacaları vaxtında yoxlanmalı və qaz cihazlarının təmiri yalnız lisenziyalı mütəxəssislərə həvalə edilməlidir.”
Nüsrət Qasımovun sözlərinə görə, təhlükəsizlik qaydalarına riayət olunduqda dəm qazının yaratdığı risklər minimuma enir:
“Əsas məsələ insanların diqqətli olması və təhlükəsizlik tələblərinə əməl etməsidir.”