BAKI, 4 dekabr. TELEQRAF

Müasir qida bazarında istehlakçıları narahat edən məsələlərdən biri məhsulların halal standartlarına uyğun olub-olmamasıdır. Artıq yalnız ət və ət məhsulları deyil, digər qida məhsullarının da halal standartlara uyğunluğu şübhə doğurur. Etiketlərdə “HALAL” nişanının olması belə bəzən şübhəni yox etmir, yenə də həmin məhsulun standartlara uyğunluğu sual altında qalır. Çünki saxta sertifikatlaşdırılmış və ya əsassız olaraq “HALAL” kimi təqdim edilən məhsullara az rast gəlinmir.

Buna görə də istehlakçıların inamı sarsılır, artıq onlar həqiqi halal məhsulu seçməkdə çətinlik çəkirlər. Bu da həm dini baxımdan düzgün seçim etmək istəyən istehlakçılar üçün, həm də ümumi qida təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.

Maraqlıdır, Azərbaycanda “HALAL” sertifikatı necə, hansı tələblərlə verilir? Halal qida dedikdə nə nəzərdə tutulur? Dində halal qida üçün tələblər nələrdir?

“HALAL” sertifikatı İslama uyğun olaraq istehsal olunan məhsul və xidmətlərin müəyyən bir standart üzrə qiymətləndirildiyini və dini baxımdan qəbul edildiyini göstərən rəsmi uyğunluq sənədidir. Azərbaycanda bu sənədi verən bir neçə qurum mövcuddur. Buna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun “AZSTANDART Halal” Sertifikatlaşdırma Orqanı və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu misal göstərilə bilər.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev mövzu ilə bağlı Teleqraf-a açıqlamasında bildirib ki, İslam dinində halal qida dedikdə şəriət qanunlarına uyğun qidalar nəzərdə tutulur.

Halal ət və kəsim qaydaları

Onun sözlərinə görə, hansı heyvanların yeyilə biləcəyi və onların hansı qaydada kəsilməsi vacibdir:

“Məsələn, sıçrayan qanı olan dördayaqlı heyvanlar (iribuynuzlu, xırdabuynuzlu, dəvə) mütləq kəsilməlidir. Dəvənin kəsim qaydası fərqlidir, iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim qaydası isə eynidir. Kəsim zamanı heyvan qiblə istiqamətinə yönəldilməli, kəsən şəxs müsəlman olmalı, "Bismillah" deməlidir. Bu qaydalar heyvan ətlərinə şamil edilir.

Balıqlara gəldikdə, onları kəsməyə ehtiyac yoxdur, çünki sıçrayan qanları yoxdur. Balıqlar diri şəkildə ovlanmalı, quruda ölməlidir. Dənizdə ölmüş balığı yemək haramdır. Dördayaqlı, qoşadırnaqlı bəzi heyvanların yeyilməsi də qadağandır. Məsələn, donuz əti haramdır. Əgər əti halal olan qoşadırnaqlı heyvanlar yoxdursa, cəmiyyətdə ətə ehtiyac varsa, onda at, ulaq, qatır kimi təkdırnaqlı heyvanların əti istisna olaraq haram sayılmır. Amma həmin təkdırnaqlı heyvanların ətinə hədisz ehtiyac yoxdursa, istifadə etmək olmaz. Bunlar şəriətin tələbləridir, mütləq əməl edilməlidir”.

Haram qatqılar

F. Nurullayev bəzi qidalarda heyvani mənşəli qatqılar olduğunu vurğulayıb.

“Belə qidalarda donuz piyi, donuz yağı, jelatin, həmçinin viski, konyak kimi qatqıların istifadəsi haramdır. Spirtin istifadəsi haram deyil, çünki spirt təmizdir. Amma spirtdən məstedicilər hazırlanarsa, onlarla qidalanmaq haramdır. İslam dinində məstedicilər, uyuşdurucular haram və qadağandır”.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, bir çox qidalarda, xüsusilə, ət məhsullarında üzərində “HALAL” sözü yazılıbsa, deməli, o, İslam qaydalarına uyğun hazırlanıb:

“Xüsusilə, ət məhsuludursa, onun kəsimi, sanitar-gigiyena qaydaları, istehsal prosesi, saxlama və daşınma şəraiti, satış və satışdan sonrakı bütün mərhələləri halallıq qaydalarına uyğun olmalıdır. Bu, istər qida, istərsə də qeyri-qida məhsullarını istehsal edən şirkətlərə aiddir”.

Halal qidanın kriteriyaları

Məhsəti Hüseynova bildirib ki, donuz və donuzdan alınan hər hansı qatqı və qida maddəsindən istifadə edilməməlidir:

“Qan və qandan istifadə edərək hazırlanan məhsullar və yarımfabrikatlardan da istifadə olunmamalıdır. Həmçinin tərkibində kanserogen olan və GMO-lu məhsullardan istifadə olmaz. Sanitar-gigiyena qaydalarına tam əməl edilməlidir. Qida istehsalı qanunvericiliyə uyğun şəkildə istehsal edilməli, istehsal olunan məhsullar peşəkar qida mühəndisləri və mütəxəssisləri tərəfindən nəzarətdə saxlanmalıdır. Bunlar "HALAL" sertifikatının ən önəmli məsələlərindəndir”.

Qida eksperti Fərid Səfərov isə bildirib ki, “Halal” yalnız nə yeyilə biləcəyini deyil, həm də necə hazırlandığını, saxlanıldığını və etiketləndiyini əhatə edir.

Ekspert məhsulun halal olması üçün diqqət edilməli halları sadalayıb:

“Donuz və onun törəmələri, spirt (alkoqol) haram sayılır. Müəyyən qida əlavələri, enzimlər heyvani mənşəli ola bilər və yoxlanmalıdır. Ət üçün düzgün kəsim edilməli, heyvan sağlam, kəsən şəxs müsəlman olmalı və kəsim qaydalarını bilməlidir. Qan tam axmalıdır, heyvan kəsilmə zamanı diri olmalıdır. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Halal xətlər və qeyri-halal xətlər ayrı tutulmalı, emal, daşınma, qablaşdırma zamanı çarpaz kontaminasiya olmamalıdır.

Təmizlik və sanitariyaya diqqət edilməlidir. Obyekt, avadanlıq və işçi gigiyenası uyğun olmalıdır. Tam sənədləşmə aparılmalıdır. Xammalın mənşəyi, tədarükçü sertifikatları, əlavələr barədə sənəd olmalıdır".

Ən çox pozulan tələblər

F. Səfərov halal istehsalında ən çox pozulan bir neçə tələbi vurğulayıb:

“Gizli, haram inqrediyentlər - jelatin, kollagen, bəzi emulqatorlar, fermentlər və ləzzət konsentratlarında haram kökənli maddələr gizlədilir. Çarpaz kontaminasiya olur, yəni halal xətlərlə qeyri-halal xətlər eyni avadanlıqda kifayət qədər təmizlik olmadan işlənir. Qeyri-etibarlı və ya akkreditə olunmamış sertifikat verənlər olur. Bu da saxta loqo və ya yerli kiçik “sertifikat” verən təşkilatların etibarsızlığıdır. Etiketdə yanlış, çatışmayan informasiya olur, yəni inqrediyentlər tam açıqlanmır, tədarükçü sertifikatları təqdim olunmur”.

Dünya təcrübəsi

Ekspertin sözlərinə görə, dünya təcrübəsində akkreditasiya əsaslı modellər var:

“Türkiyə (HAK), Malayziya (JAKIM), İndoneziya (MUI/LPPOM) və Körfəz ölkələri (GSO standartları) kimi sistemlər sertifikatlaşdırma orqanlarını akkreditasiya edir. Akkreditasiya prosesləri şəffaflıq, uyğun audit metodları və beynəlxalq tanınma təmin edir.

AZSTAND-ın HAK ilə akkreditasiya əlaqəsi bu baxımdan önəmlidir. Həmçinin Halal Assurance System/HAS və HACCP inteqrasiyası da var. İndoneziya MUI-nin HAS 23000 və HACCP-ə əsaslanan Halal Critical Control Points yanaşması yaxşı təcrübədir. Həm qida təhlükəsizliyi, həm də halal uyğunluğunu sistemləşdirir. Azərbaycanda belə bir HAS/HACCP inteqrasiyasını gücləndirmək auditlərin effektliyini artırar”.

İstehlakçı bunlara diqqət etməlidir

F. Səfərov bildirib ki, istehlakçı sertifikat verən orqanı yoxlamalıdır.

“Sertifikatın etibarlılıq müddəti və əhatəsini, yəni yenilənmə tarixini yoxlayın. QR kod, onlayn yoxlama edilə bilər. Etibarlı orqanların çoxu artıq sertifikatları onlayn siyahıda saxlayır, sertifikat nömrəsi ilə yoxlanıla bilər. Etiket və ingredient siyahısında, “aroma”, “enzim”, “emulqator” kimi qeyri-spesifik ifadələr olduqda diqqətli olun. Qablaşdırma/işləmə şəraitinə diqqət edin. Əgər məhsul halal və qeyri-halal məhsullarla eyni anbar və ya daşınmada saxlanılırsa, çarpaz kontaminasiya riski var”, - ekspert əlavə edib.

Bu məhsullara xüsusi diqqət edin

F. Səfərov işlənmiş məhsullara xüsusi diqqət edilməli olduğunu vurğulayıb:

“Souslar, dondurulmuş hazır yeməklər, konservlər, sosiska və kolbasa kimi işlənmiş məhsulların tərkibində işlənmiş emulqatorlar, ləzzətvericilər ola bilər. Gelatin və jelatinə alternativlər, yəni desertlər, bəzi konfetlər, probiotik kapsullara da diqqət edilməlidir. Aroma və ləzzət konsentratları, "flavor" etiketi bəzən heyvani mənşəli aromatik bazaları gizlədə bilər.

Kosmetika, dərman və vitaminlərdə isə bəzi kapsul, emulsiya və ya alkoqollu daşıyıcılar halal yoxlamasını tələb edir. Spirt ehtiva edən məhsullar və bəzi sirkələrə diqqət edilməlidir”.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a bildirilib ki, ölkəmizdə müxtəlif dövlət və özəl təşkilatları Halal sertifikatlaşdırma xidməti göstərir və onlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutudur.

Bildirilib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub.

“Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib.

“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir”, - məlumatda qeyd olunub.

Üzərində “HALAL” yazılmış hər məhsul halal hesab olunmur

Şöbədən deyilib ki, məhsulun üzərinə “HALAL” yazılması onun halal sertifikatlı olduğunu birbaşa təsdiq etmir:

“Qablaşdırmanın üzərində sertifikatlaşdırma qurumunun “Halal” uyğunluq nişanı göstərilməlidir. “HALAL” nişanı məhsulun istehsal prosesində xammalın seçilməsindən başlayaraq qablaşdırma mərhələsinədək bütün addımların islami qaydalara və beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Bu nişan “HALAL” uyğunluq sertifikatı ilə birlikdə təqdim olunur. Onun etibarlılığı sertifikatın qüvvədə olduğu müddət ərzində saxlanılır”.

Qeyd olunub ki, dünya təcrübəsində ət, süd, şirniyyat və qənnadı məhsulları, “fast food” və qida əlavələrində halal olaraq satılan saxta məhsul hallarına rast gəlmək mümkündür.

“AQTA tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Hazırda ölkəmizdə qida təhlükəsizliyi sahəsində mövcud normativ tələblərə uyğunluğun qiymətləndirilməsi məqsədilə mütəmadi nəzarət və monitorinq tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində “HALAL” sertifikatlı məhsullar xüsusi nəzarətdə saxlanılır. Məqsəd istehlakçı hüquqlarının qorunması, ictimai sağlamlığın təmin edilməsi və bazarda Halal standartlarına uyğun məhsul dövriyyəsinin genişlənməsinə dəstək olmaqdır.

AQTİ tərəfindən “HALAL” uyğunluq sertifikatı alan müəssisələr illik monitorinq auditlərinə cəlb olunur. Müəssisələrdə əlavə olaraq plandankənar qiymətləndirmələr də aparılır. Bu qiymətləndirmələr “HALAL” uyğunluq nişanından sui-istifadə hallarının qarşısını almağa imkan verir. Qiymətləndirmələr zamanı aşkarlanmış və müəyyən edilmiş müddət ərzində aradan qaldırılmayan uyğunsuzluqlar zamanı sertifikatlaşdırma fəaliyyəti dayandırıla bilər. Sertifikatlaşdırmanın dayandırılması halında sahibkarlıq subyektinin “HALAL” uyğunluq sertifikatı müvəqqəti olaraq etibarsız sayılır. Qeyd edilən nəzarət tədbirləri həm müəyyən edilmiş qrafik üzrə, həm də şikayət və şübhəli hallarda operativ şəkildə həyata keçirilir”, - məlumatda bildirilib.