BAKI, 2 dekabr. TELEQRAF

Dekabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyanın prezidenti Kol Dürhamla onun istəyi ilə videokonfrans formatında görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Bldirilib ki, videogörüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər.

"Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən QMİ sədri Assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən beş forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası Forumlarında iştirakını bu platformaya və onun sülh məramlı fəaliyyətinə yüksək ehtiramının sübutu kimi qeyd edən A.Paşazadə vurğulayıb ki, insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gəlir. Vurğulanıb ki, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib.

G20 Dinlərarası forumların işində fəal və davamlı iştirakına görə Şeyxülislam A.Paşazadəyə səmimi minnətdarlığını bildirən Kol Dürham bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində keçirilən görüşü zamanı G20 Dinlərarası Forumunun strukturunda nəzərdə tutulan islahatlarla bağlı Şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş etdiyini və proses əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəldiklərini xatırladıb. Şeyxülislam təklif olunan islahatları yüksək dəyərləndirib, bu barədə öz fikir və tövsiyələrini bölüşüb.

Tərəflər Dinlərarası forum nəzdində müxtəlif dinlərin tanınmış nümayəndələrini bir araya gətirəcək və daimi fəaliyyət göstərəcək dinlərarası şuranın yaradılması mexanizmi ətrafında geniş müzakirə apardılar", - məlumatda qeyd olunub.