BAKI, 23 oktyabr. TELEQRAF

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar (proqramlar) üzrə akademik şəhadətnamə alanlara müraciət ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.

Müracitədə bildirilir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra - Qaydalar) əsasında həyata keçirilir.

Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilmələri üçün müvafiq kvalifikasiyanın Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bununla yanaşı, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar üzrə xarici kvalifikasiyaların peşə tanınması Səhiyyə Nazirliyi tərəfindən keçirilən müvafiq imtahanlarda uğurlu nəticə göstərildiyi təqdirdə verilir.

Bildiririk ki, sözügedən Qaydaların qəbulundan sonra ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar üzrə xarici kvalifikasiyaların tanınması məqsədilə TKTA-ya müraciət etmiş ərizəçilərlə bağlı aparılmış təhlil nəticəsində müəyyən edilmişdir ki, həmin ərizəçilərin bir qismi Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan müvafiq peşə ixtisası üzrə imtahanlarda uğurlu nəticə göstərmədiyi üçün yalnız akademik şəhadətnamə əldə edib.

"Xüsusilə qeyd edirik ki, akademik şəhadətnamə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir və bu şəhadətnaməni almış şəxslərin hər hansı peşə fəaliyyəti ilə məşğul olmaları mövcud qanunvericiliyin tələblərinə ziddir.

Əlavə olaraq qeyd edirik ki, ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsindəki ixtisaslar (tibb və stomatologiya) üzrə akademik şəhadətnamə almış şəxslər peşə fəaliyyəti ilə qanuni əsaslarla məşğul ola bilmək üçün yenidən TKTA-ya müraciət etməli və Səhiyyə Nazirliyi tərəfindən təşkil olunan müvafiq imtahandan müvəffəqiyyətlə keçərək kvalifikasiyalarının tam tanınmasını təmin etməlidirlər", - müraciətdə qeyd olunub.