BAKI, 10 oktyabr. TELEQRAF
TƏBİB Bakının Nərimanov rayonunda evdə baş vermiş partlayışda xəsarət alan şəxsin vəziyyətini açıqlayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 8-də saat 23:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsə (qadın cinsli) ilkin tibbi yardım göstərilib, hər iki əlin və üzün termiki yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.
***
BAKI, 9 oktyabr. TELEQRAF
08:21
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus fərdi yaşayış evinin mətbəxində, ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.