AĞDAM, 28 avqust. TELEQRAF
Ağdamda iki azyaşlı övladına xəsarət yetirməsi ilə bağlı istintaqa cəlb edilən qadın sərbəst buraxılıb.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, həmin qadın polisdə izahat verib.
Onun hamilə olması nəzərə alınaraq müvafiq tədbir görülməklə evə buraxılıb.
Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Uşaqlardan birinin (3 yaşlı) vəziyyəti ağırdır, bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı Ağdam Rayon Xəstəxanasından Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Onun qardaşı hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasındadır. Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hər iki azyaşlı Bakıda körpələr evinə yerləşdiriləcək.
Uşaqların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.