BAKI, 27 avqust. TELEQRAF

Bir işıqlı adam vardı. Tariximizlə bağlı tədbirlərin əksəriyyətində yer alar, sakitcə dinləyər, sonra hamımızla mehribancasına görüşərdi. Mən onu həmişə Sovet Azərbaycanı filmlərindəki müsbət personajlara bənzədərdim, sanki zəmanəmizdəki heç bir çirkinlik onun xarakterinə hopmamışdı. Onu səhv xatırlamıramsa, ilk dəfə həmkarım Elmar Həsənlinin Bakı Atatürk liseyində təşkil etdiyi tarix seminarlarının birində tanımışdım. 2019-cu ilin aprel ayında həmin liseydə Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümü ilə bağlı tədbirdə çıxışçılardan biri idim, iştirakçıların ön sıralarında yenə haqqında bəhs etdiyimiz Rauf Həsənov əyləşmişdi.

Qəribə adamdı, özündə bir sirr daşıdığını hiss etdirirdi. Nəhayət, bir gün bu sirr üzə çıxdı. Onun arxivində mühacirət tariximizlə bağlı qiymətli fotoşəkillər, məktublar vardı. Üstəlik bu məktublar Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə aiddi... Rauf bəy həmin sənədləri məktubların ünvanı olan mühacir Süleyman Təkinərin Almaniyada yaşayan qızının da icazəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə etdi.

16 may 2018-ci ildə - Cümhuriyyətimizin 100 illiyi ərəfəsində muzeyə verilmiş həmin 29 məktubun təqdimatı keçirildi, Rauf bəylə birlikdə Süleyman bəyin qızı Leyla Deqner də iştirak etdilər. Uzun illərdir mühafizə edilən bu nadir nümunələr artıq Vətəndə idi. Həmin məktubları hazırda muzeyin elmi işlər üzrə direktor müavini olan, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov qısa zamanda hazırlayaraq oxuculara çatdırdı.

Məktublardan birindən sitat:

“29.V.1952

Əzizim Süleyman Təkinər!

28 May münasibətilə göndərdiyiniz təbrik və arzulara görə candan təşəkkür edirəm.

Burada 28 May təntənəli toplantısı gözəl keçdi. Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə Ankara Xalq Evləri binasında bir toplantı oldu. İzdiham idi. Mən çap olunmuş, lakin yayılmamış tarixi məqaləmi (“Azərbaycan Cümhuriyyəti”) oxudum. Şimali Qafqazlılardan biri də qısa bir çıxış etdi. Qafqaz birliyi görsəndi. Çıxış mikrofona yazıldı. Bilmirəm, 28 Mayda “Amerikanın Səsi” radiosunu dinləyə bildinizmi? Radio mənim çıxışımdan öncə Trumenin səyyar radio gəmisinin fəaliyyətə başladığı zaman etdiyi müraciəti səsləndirdi, sonra isə “İndi Milli Azərbaycan Şurasının baş rəisi filankəs danışır” – deyə sözü bizə verdi. Çıxışım Qafqazda yayılacaqdır...”

Rəsulzadənin Ankaradakı fəaliyyətinə geniş işıq salan bu məktublar Rauf bəyin sayəsində artıq tədqiqatçılara məlum olmuşdur.

2 fevral 2020-ci ildə “Çapar” dərgisinin birinci ildönümünə həsr etdiyimiz tədbirdə Rauf bəy də iştirak etmişdi. Mənə Hacı Zeynəlabidin Tağıyevin təsviri olan bir qeyd dəftəri və Türkiyədə bir şəxsə çatdırmağım üçün Qurani-Kərim vermişdi. Arzusunu yerinə yetirdim...

Bəs, Rauf bəydə bu arxiv haradan idi? Çünki o, 7 fevral 1984-cü ildə Süleyman Təkinərin qardaşı Yusif Məmmədovun qızı Rəna xanımla ailə həyatı qurmuşdu.

Axırıncı dəfə Rauf bəyi 30 sentyabr 2020-ci ildə yaşadığı Rəsulzadə qəsəbəsindəki evində ziyarət etmişdim. Həyat yoldaşı ilə birlikdə mənə ürəkdən müsafirpərvərlik göstərdikdən sonra kiçik bir otağındakı arxivlə tanış olmağıma şərait yaratmışdı. Rauf bəy Təkinərin Rəna xanıma göndərdiyi məktubların mətni ilə məni tanış etmiş, surətini çəkməyimə icazə vermişdi. Bununla da Təkinərin həyat hekayəsini öz dilindən öyrənmişdik.

Rauf bəy xanımının əmisi ilə necə əlaqə qurmaları haqqında mənə bu bilgiləri vermişdi:

“Təkinərin Azərbaycandakı oğlu Akif və mənim baldızım Ellada xanım Təkinəri, Süleyman Məhəmmədəli oğlu Məhəmmədov kimi o vaxt “Vətən” Cəmiyyətinin xətti ilə axtaranda, onları “O ölüb” sözləri ilə yola salmışdılar! Ondan sonra “Ulduz” jurnalının 1988-ci il 8-ci sayında “Vətən xainləri” adlı məqalə çap edildi. Həmin məqalədə Süleyman Təkinərin Münxendə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasında fəaliyyət göstərdiyi yazılmışdı. Beləliklə, biz onun sağ olmasını və AFR-də yaşadığını öyrəndik. Mənim təklifim ilə “Azadlıq” radiosuna, Mirzə Xəzərə 1990-cı ilin mart ayının əvvəlində bir məktub yazdıq (həyat yoldaşım Rəna xanım məktubu əmisi Süleyman bəyə yazmışdı) və məktubu bizə yaxın adam vasitəsi ilə (hələ SSRİ dövrü idi) Berlindən Münxenə poçt vasitəsi ilə göndərdik. Bir müddət keçdikdən sonra məktub “Azadlıq” radiosuna çatır və onu radiodan Mirzə Xəzər oxuyur və Təkinərə çatdırır. Ondan sonra Süleyman bəy bizim evə və bacısıgilə də zəng edib hər birimizlə 45 dəqiqə ərzində danışıb. Ondan sonra yoldaşımla Süleyman bəy arasında məktublaşma başladı. Birinci məktub 19 mart 1990-cı il tarixində gəldi. 1991-ci ilin sentyabr ayının 4-dən, oktyabr ayının 1-dək rəhmətlik bacısı Gülbi xanımın dəvəti ilə Bakıda olub”.

Rauf bəyin arxivində Təkinərin uzun ayrılıqdan sonra Azərbaycana gəldiyi zaman çəkilən fotoşəkillər də vardı. Məni həm məktublarla, həm də fotoşəkillərlə tanış etdi. Həmin materialları müxtəlif məqalələrimdə və ötən il çapdan çıxan “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabımda dərc etdim. Süleyman bəyin məzar yerini də mənə Rauf bəy nişan vermişdi.

Son görüşümüzdə M. Rəsulzadəyə həsr etdiyimiz “Çapar” dərgisinin özəl nüsxəsini ona hədiyyə etmiş, əldə etdiyim arxivlərin sevinci ilə geri dönmüşdüm...

Daha sonra Rauf bəyi görmək qismət olmadı.

Rauf Həsənov 25 mart 1955-ci ildə doğulmuşdu. O zamankı Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda Avtomobil nəqliyyatının istismarı ixtisası üzrə təhsil almışdı.

Vəfatını sosial mediadan eşitmişdim. 8 oktyabr 2021-ci ildə aramızdan ayrılmışdı.

Beləliklə, tariximizə vurğun olan, qiymətli arxivi bizə çatdıran Rauf Həsənov işıqlı xatirəsi ilə hər zaman yaddaşımızda qalacaqdır...