BAKI, 22 avqust. TELEQRAF
"Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir. Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir.
Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq subyektləri üzrə 2200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək digər obyektlər fəaliyyətə başladığında iş yerlərinini sayı 5 mini ötəcək".
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, bu fikirlər bu gün Xankəndində keçirilən görüşdə səsləndirilib.
Görüşdə Azərbaycanda səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki, Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bugünədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə 800 ailənin köçürülməsi planlaşdırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb.
İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətinin əməkdaşlıq imkanlarından söz açıb.