BAKI, 1 iyun. TELEQRAF
Bu gün Bakıda əsl yay havası idi. Sanki Günəş məhz 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şövqlə parıldayır, qışın sazağından, yazın təlatümündən sonra Bakını isidirdi. Bir sözlə, paytaxtda gözəllik gözəlliyə qarışmışdı.
Teleqraf-ın əməkdaşları Heydər Əliyev Mərkəzinin parkına baş çəkib Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan Uşaq festivalından reportaj hazırladı.

Parkda hava çox istiydi, kölgəlik yox idi, gün adamı yandırırdı, amma uşaqların vecinə də deyildi. Hərə bir tərəfdə başını qatmağa bir əyləncə tapmışdı.
Birinci qarşımıza milli geyimli bu qızlar çıxdı. 5 nömrəli Uşaq, Gənclər İnkişaf Mərkəzindən gələn bu qızlar uşaqlara rəqs nömrəsi göstərməyə hazırlaşırdılar.

"Baku Book Center"-in çadırında uşaq ədəbiyyatı sərgilənirdi. Xeyli endirimlər vardı, üstəlik, kitab alana hədiyyə jurnallar və endirim kuponu təklif olunurdu, amma satıcı dedi ki, bu gün uşaqların başı əyləncəyə qarışdığı üçün kitablarla maraqlanan çox azdır.

Çadırlardan birində səhnəcik qurulurdu. Uşaqlara yaxınlaşıb söhbətləşdik. Doqquz yaşlı əkiz bacı-qardaş da rəqs nömrəsinə hazırlaşırdılar. Uşaqlar günü münasibətilə nə hədiyyə aldıqlarıyla maraqlandıq, dedilər ki, hədiyə əyləncədən sonra olacaq. Hansı hədiyyəni istəyirsiniz sualına qardaşı "mənə fərqi yoxdu" desə də, məncə, Məryəmin ağlında xüsusi bir hədiyyə vardı. Ümid edirəm, istədiyi hədiyyəni alacaq.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların da iştirakı çox ürəkaçan mənzərə idi. Sloqan qaldırıb əylənirdilər. Günəşə, bütün məhdudiyyətlərə rəğmən digər uşaqlarla birlikdə əylənə bilməkləri olduqca gözəl mənzərə idi. Cəmiyyətimiz inklüzivləşir, heç kim özünü fərqli hiss edib geridə qalmayacaq.

Bunlar da uşaq evinin balaca sakinləridir. Müəllimələriylə birlikdə əylənirdilər. Əyləncə ürəklərincəydi, bir az söhbətləşdik. Hətta "Hello Kitty"-nin əslində pişik olduğunu da ilk dəfə bu gün onlardan öyrəndim.

Bu gözəl qız isə nəsə bir az kefsiz idi. Nəyin xoşuna gəlmədiyini təəssüf ki, öyrənə bilmədim. Hədiyyə olaraq boyama kitabı istədiyini dedi.

Bu qırmızı fil də birtəhər addımlayır, uşaqlarla şəkil çəkdirir, əyləncələrinə qoşulurdu. İsti nəfəsini kəsmişdi yazığın, amma dedi ki, uşaqlara xatir dözmək olar.

Bu qızlar da müasir rəqs nömrəsiylə uşaqları təbrikə gəlmişdilər. Buradan çıxıb bulvardakı tədbirə gedəcəkdilər, tələsirdilər, çox vaxtları yox idi, şəkil çəkib sağollaşdıq.

Azyaşlı və yeniyetmələr üçün parkda bir-birindən maraqlı əyləncələr təşkil edilmişdi. Uşaqların bəziləri qaşqabaqlı olsalar da, çoxunun üzü gülürdü. Hər biri öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxt keçirirdi. Rəqs nömrələri, nağıl saatları, oyun meydançaları, rəngbərəng şarlar - parkda nağıl kimi bir mənzərə vardı.
İsti və kölgəsizlik bizi əldən saldı, amma uşaqların vecinə deyildi. Uşaqlara həmişə belə sevinc dolu, əyləncə dolu, rəngli dünya diləyirik. Həyatlarından günəş, gülüş və yaşıllıqlar əskik olmasın. Bir gün yox, hər gün sevgi ilə böyüsünlər, sağlam olsunlar, nə qədər şablon olsa da, uşaqlar bizim gələcəyimizdir. Onlar çox şey istəmirlər: isti, yaşıllıq, rəng, təbəssüm və sevgi...