BAKI, 1 iyun. TELEQRAF

Yenə uşaqların, bəzən də anaların sığındığı ünvanlardan birinə yollanıram. Bu dəfəki reportajımız illərdir çətinliklərlə üz-üzə qalan qadınların və uşaqların pənah gətirdiyi bir qurum - “Ümid yeri” uşaq sığınacağı haqqındadır. "Ümid yeri" gerçək hekayələrlə dolu bir məkandır.

"Teleqraf" İnformasiya Agentliyinin əməkdaşları sığınacaqda olub, uşaqlarla və buranın rəhbərliyi ilə söhbətləşib.

Sığınacaq Binə qəsəbəsində yerləşir. Buraya yaxınlaşanda anlıq çaş-baş qalıram. Düz gəlib-gəlmədiyimi anlamağa çalışıram. Sanki adi yaşayış evidir. Lakin qapının kənarındakı lövhədə yazılan ad – “Ümid yeri” uşaq sığınacağı” - doğru ünvanda olduğumu göstərir. Qapının zəngini basıb gözləyirəm. Həyətdən uşaq səsləri eşidilir. Bir neçə dəqiqə sonra qapı açılır, həyətə daxil oluram. Günorta günəşi həyəti isidərkən uşaqlar burada sevinclə oynayır, gülür, qaçışırlar. Bəziləri həyətdə su ilə oynayır, bəziləri məni görən kimi gülümsəyərək yaxınlaşır, “Salam!” deyirlər. İçimdə xoş, amma kədərlə qarışıq bir duyğu yaranır. Belə sığınacaqlara gələndə nədənsə duyğulanıram. Bu uşaqların keçmişində hansı fırtınalar olub, hansı yaraları var, bilmirəm. Amma indi bu sığınacaqda, az da olsa, özlərini təhlükəsiz, qayğı içində hiss etdiklərinə ümid edirəm.

Binada bizi sığınacağın rəhbəri Nigar Mənsimli gözləyir. Həm sığınacağı gəzəcəyik, həm də ətraflı məlumat əldə edəcəyik. Eyni zamanda, burada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün necə keçiriləcəyini onların dilindən eşidəcəyik.

Gəzintiyə sığınacağın həyətindən başlayırıq. Həyətdə bir qızın əyləşdiyini görürəm. Onunla həmsöhbət oluram.

8-ci sinif şagirdi 15 yaşlı Nuray deyir ki, böyüyəndə rəssam olmaq istəyir.

O sığınacağa ikinci dəfə gəldiyini deyir: "Uşaq vaxtı 4 il burada qalmışam. 5 yaşımda gəlib 9 yaşımda çıxmışdım. Bura anam gətirmişdi, çıxartdı bir müddət sonra yenə gətirdi. Atamla isə danışmıram".

O bildirir ki, həm dərslərini yaxşı oxuyur, həm də yaxşı şəkillər çəkir. Çəkdiyi şəkilləri uzun müddət saxlasa da, daha sonra itirib.

“Məktəbə gedirik, əlavə olaraq burada da bir neçə fəndən dərs keçirik.

1 iyunda bizə daha çox top, oyuncaqlar hədiyyələr edilir”, - o əlavə edir.

Çox istədiyi hədiyyəni soruşduqda isə o, bilmədiyini deyir.

Nigar Mənsimli deyir ki, "Ümid yeri" uşaq sığınacağı respublikamızda küçə həyatına məruz qalan, valideyn himayəsindən məhrum olan və müxtəlif çətin vəziyyətlərə düşən uşaqlar üçün yaradılan ilk sığınacaqdır.

“Çox qürur duyuruq ki, sığınacaq fəaliyyət göstərdiyi 28 ildə minlərlə uşağın üzünü güldürə, onların həyatını qaranlıqdan işığa doğru dəyişə bilib”, -o əlavə edir.



N. Mənsimli bildirir ki, hazırda sığınacağın himayəsində 82 uşaq var, lakin onlardan təxmini 50-si burada yaşayır. 30 nəfər uşaq müxtəlif sağlamlıq problemlərinə görə müvəqqəti olaraq müxtəlif sanatoriyalara göndərilib. Onlar bir neçə aydan sonra geri qayıdacaqlar.

“Müəssisə indiyədək 15 min uşağa xidmət göstərib. Onlardan 8 min 500 nəfəri oğlan, 6 min 500 nəfəri isə qız olub. Ötən il müəssisədən müstəqil həyata keçid edənlərin sayı 12 nəfərdir. Onların isə 7-si oğlan, 5-i qızdır”, - deyə rəhbər əlavə edir.

Sığınacağın binası iki mərtəbəlidir. Binanın içində oğlanlar üçün 6 , qızlar üçün isə 4 otaqdan ibarət korpus yerləşir. Hər korpusda sinif otaqları, kompüter otağı, mətbəx və camaşırxana var. Bununla yanaşı sığınacaqda Heydər Əliyev Fondunun dəstəyi ilə təchiz olunmuş psixoloq otağı var.

N. Mənsimli deyir ki, uşaqlar o otaqda sanki başqa bir dünyaya düşürlər, xoşbəxt olurlar.

Rəhbərin sözlərinə görə, sığınacaqda Heydər Əliyev Fondu tərəfindən təhkim olunan beynəlxalq sertifikatlı psixoloq, həmçinin azərbaycanlı psixoloq, pedaqoqlar, tərbiyəçi müəllimlər, xidmətçilər fəaliyyət göstərirlər:

“Təhsil yönümlü dərnəklər, məşğələlər mövcuddur. Uşaqlar gündəlik məktəbə gedib gəlirlər. Məktəbdən gəldikdən sonra növbəti günə hazırlıq olur. Musiqi və rəqs dərsləri, xor dərsləri, xalçaçılıq, əl işləri dərnəklərimiz var. Uşaqların vaxtlarını səmərəli keçirmələrinə şərait yaradılıb”.

İlk olaraq əmək dərnəyi otağına daxil oluruq. Bura geniş, gözəl dizaynlı bir otaqdır. Otaqda xalçaçılıq sənətini öyrənmək üçün demək olar ki, hər şey var. Uşaqlar rahatlıqla həm öyrənə, həm də toxuya bilirlər. Elə biz içəri daxil olanda da bir neçə uşaq xalça toxuyurdu.

Uşaqlar Günündə anamı hədiyyə etsinlər

Xalça toxuyan uşaqlardan biri, 10 yaşlı 5-ci sinif şagirdi Sürəyya deyir ki, uzun müddətdir ki, burada qalır.

“Artıq 4 ildir ki, xalça toxumağı öyrənirəm. Bununla yanaşı xor, rəqs, rəsm dərslərimiz də olur, əl işləri də hazırlayırıq. Məktəbə gedirik, bizi saatlara uyğun olaraq aparıb gətirirlər”.

O, böyüyəndə dizayner olmaq istəyir.

Onun sözlərinə görə, hər il iyunun 1-i qeyd edilir və onlara hədiyyələr verilir:

“Hər il iyunun 1-də bizə hədiyyələr gətirilir. Daha çox məktəb ləvazimatları və xalçaçılıq üçün lazım olan ip, ilmə kimi ləvazimatlar hədiyyə edilir”.

Sürəyya "1 İyunda ən çox nəyi hədiyyə etsinlər istərdin?" sualıma isə belə cavab verir: "Anamı"... Həmin an deməyə söz, verməyə sual tapmadım. Mən isə ona istədiyini hədiyyə edə bilməzdim.

Daha sonra psixoloq otağına daxil oluruq. Burada 2 psixoloq əyləşib.

Türkiyəli klinik psixoloq Rabia Aslan deyir ki, uşaq buraya ilk gəldikdə onu sığınacağın digər psixoloqu Könül xanım qəbul edir:

“Daha sonra isə uşaqlarla mən görüşürəm. Burada onların psixoloji problemlərini, travmalarını aradan qaldırmağa çalışırıq. Hər uşaqla həftədə ən az bir dəfə görüşürük”.

Qızlar üçün olan korpusda otaqları gəzirik. Onların otaqlarında çarpayı, şkaf, masa, oyuncaqlar olan 3-4 nəfərlik kiçik otaqları görürük.

Kompüter otağına daxil oluruq. Burada bir neçə kompüter var və onlar işlək vəziyyətdədir.

Dərs otağına daxil olduqda müəllimin bir neçə uşağa dərs keçdiyini görürük. Burada müxtəlif kitablar, qlobus, xəritə gözə dəyir.

Bir az onları izlədikdən sonra televizor olan mətbəxə gəlirik. Uşaqlar burada toplaşıb cizgi filminə baxırlar.

N.Mənsimli deyir ki, sığınacaqda hazırda ən kiçik uşağın 2, ən böyük uşağın isə 17 yaşı var.

20-ə yaxın məzun evlə təmin edilib

O bildirir ki, sığınacağa 18 yaşa qədər hər yaşda uşaq qəbul olunur.

“Qəbul olunan hər bir uşaq dərhal həkim müayinəsindən, psixoloji müayinədən və məktəb yaşlı uşaqlar olarsa, təhsil səviyyəsini ölçmək üçün pedaqoji müayinədən keçirilir. Hər 3 istiqamətdə uşaqlara dəstək göstərilir.

Uşaqlar ana ilə birlikdə küçə həyatına məruz qalıbsa, çıxılmaz vəziyyətdədirsə, bu halda uşaqla birlikdə ana da qəbul olunur. Uşaqsız qadınlar da çıxılmaz vəziyyətdə olarsa istisna halda onlar da sığınacağa qəbul olunur.

18 yaş həddi-buluğ yaşıdır. Buna görə də istisna hallarda buradakı uşaqlar 18 yaşından sonra da burada qala bilir. Məsələn, ev növbəsindədir və hələ evini almayıbsa, hərbi xidmətdən gəldikdən sonra gedəcək başqa bir yeri yoxdursa, bu hallarda müvəqqəti olaraq burada yaşamasına şərait yaradırıq. Təbii ki, onun daimi yaşaya biləcəyi yer üçün çalışırıq”, - əlavə edir.

Onun sözlərinə görə, Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olmuş və uşaq evlərindən məzun olan uşaqlara mənzil təqdim olunur:

“O sırada bizim sığınacaqdan da xeyli gənclər var. Bizim 20-ə yaxın məzunumuz evlə təmin olunub”.

Qızlar üçün olan korpusu gəzib bitirdikdən sonra oğlanlar üçün olan korpusu gəzməyə başlayırıq. Eyni şəraiti burada da görmək mümkündür.

Oğlanlar üçün olan otaqlarda da çarpayılar, şkaflar, oyuncaqlar mövcuddur. Bu korpusda olan mətbəxə daxil olduqda oğlanların da cizgi film izlədiyini görürük.

Onlardan da 1 iyunda hansı hədiyyələri almaq istədiklərini soruşduqda bəziləri telefon, bəziləri paltar cavabını verir.

Müəssisəyə qəbul prosesi

N.Mənsimli sığınacağın qocaman bir sığınacaq olduğunu və demək olar ki, haqqında hər yerdə məlumat olduğunu deyir:

“Uşaqlar bir neçə vasitə ilə buraya daxil ola bilir. Uşaqlarla işləyən qurumlar tərəfindən, polislər, icra hakimiyyəti orqanları, Sosial Xidmətlər Agentliyi, vətəndaşlar tərəfindən bizə müraciət edilir, uşaqlar yönləndirilir.

Uşaqlar buraya gələn kimi akt tərtib edirik. Əgər polis, dövlət strukturları tərəfindən gətirilibsə, onlar bizə məktubla müraciət edirlər, eyni zamanda burada da akt tərtib edilir. Uşağa baxış keçirilir və qəbul edirik”.

Onun sözlərinə görə, bəzən elə olur ki, ana uşaqları ilə birlikdə kirayədə qalır və kirayə pulunu verə bilmədiyi üçün onları evdən çıxarırlar:

“Belə hallarda məcburiyyət qarşısında olan ana uşaqlarını müvəqqəti buraya qoyur, özü isə gedib işləyir. Öz ayaqlarının üzərində duranda gəlib uşaqlarını götürür. Burada elə uşaqlar var ki, ata-anası narkotik istifadəçisi olub və uşaqlar travma alıblar. Onların uşaqlıqdan aldıqları travmaları sağaltmaq üçün psixoloqlarımız çox çalışırlar, lakin bu uzun vaxt alır. Yaddaşa yazılan neqativlər çətin sağalır.

Zaman-zaman erkən nikaha qurbanı olan qızlar də burada olurlar. Erkən nikahla bağlı bizə zənglər çox olur, kömək istəyirlər. Biz onların baş tutmaması üçün tədbirlər görmüşük. Məsələn, cinsi istismara məruz qalmış azyaşlı ötən ildən bura daxil olub və hazırda burada yaşamaqdadır”.

Burada böyümüş uşaqlar bütün problemlərin həllini hələ də burada görürlər

“Elə uşaqlar var ki, 10 ildir buradan çıxıb, amma biz onlarla maraqlanırıq. Elə uşaqlar da var ki, onlar bizə müraciət edirlər, kömək istəyirlər. Burada böyüyən uşaqlar qarşılarına çıxan bütün problemlərin həllini hələ də burada görürlər. Biz də əlimizdən gələn hər şeyi edirik, nəzarətdə saxlayırıq. Biz burada çox sayda gəncin ailə qurmasına kömək etmişik, onların ev ləvazimatları üçün hər şey təşkil etmişik. "Ümid yeri" uşaq sığınacağı onların təkcə müvəqqəti sığındığı bir yer deyil, onların həyatlarının bir parçası olaraq həmişə yanlarında mövcud olur”, - N.Mənsimli vurğulayır.

Türkiyədə Rəqs Akademiyası açan, həkim olan uşaqlar

Rəhbərin sözlərinə görə, bu günə qədər "Ümid yeri" uşaq sığınacağında yaşamış uşaqlardan 12 nəfəri Bakı Xoreoqrafiya Akademiyasını bitirib:

“Onlar rəqs müəllimi olaraq təhsil alıblar. Onlardan biri hazırda Türkiyədə yaşayır və özünün Rəqs Akademiyasını yaradıb. O işləyir, ailəsinə fayda verir. Həmin uşağı mən küçə həyatından götürmüşdüm, balaca bir qız idi. O istedadlı olduğu qədər də zəhmətkeşdir. Bizim də dəstəyimizlə öz zəhməti sayəsində ayaqları üstündə durdu. Vaxtilə biz bura rəqs müəllimi dəvət etdik və burada olan uşaqların rəqs bacarıqları aşkarlandı. Rəqs müəllimi onlarla mütəmadi məşğul oldu, daha sonra onlar Bakı Xoreoqrafiya Akademiyasına daxil oldular. Onlara oxuduqları müddətdə də dəstək verdik və bitirdikdən sonra da işlə təmin olundular. Bizim məzunların içərisində tibbi fakültəsini bitirən uşaq da var. Türkiyə Hərbi Akademiyasını bitirən oğlumuz da var ki, hazırda hərbi hissələrimizin birində məsul vəzifədə çalışır. Buradakı uşaqlardan kimin potensialı varsa və "Ümid yeri" uşaq sığınacağının imkanlarından istifadə etməyi bacarırsa, onlar uğur qazana bilirlər. Onlar başa düşürlər ki, oxumaq lazımdır, bizim dediyimiz yolla getmək lazımdır. Belə uşaqların hər birini uğurlu görmüşəm. Bəzi uşaqlar olur ki, oxumaq istəmirlər, bunu vacib bilmirlər. Onları da peşəyə yönləndiririk. Çox sayda aşbaz, bərbər, ofisiantlarımız var”.

Uğursuz 3 həyat hekayəsi

O bildirir ki, uğur hekayələri ilə yanaşı, bir neçə nəfər var ki, onların həyat hekayəsi uğursuz olub:

“Burada böyüyüb çıxdıqdan sonra xəbər tutdum ki, 3 nəfər narkotik aludəçisi olub. Buna çox məyus oldum. Onlar indi 28-30 yaşlarında olarlar. Sığınacağın ilk illərində küçədən götürdüyümüz uşaqlar idi”.

Ailə planlaması yoxdur

Rəhbər buradakı uşaqlarla həmsöhbət olanda ürək ağrısı keçirdiyini, kədərləndiyini deyir:

“Bizdə ailə planlaması yoxdur. Çox uşaq dünyaya gətirirlər, onlara baxa bilmirlər. Bəzən çox uşaq dünyaya gətirmək xoşbəxt deyil, bədbəxtliyə səbəb olur”

Məişət zorakılığından əziyyət çəkmiş qadınlara da dəstək göstəriləcək

Nigar xanım deyir ki, illərdir uşaqlara dəstək göstərən sığınacaq artıq məişət zorakılığından əziyyət çəkmiş qadınlara da dəstək göstərəcək.

Maliyyə məsələsinə gəldikdə, o deyir ki, Sosial Xidmətlər Agentliyinin xətti ilə il ərzində qrant layihəsi alınır:

“Heydər Əliyev Fondu tərəfindən ərzaq təminatımız həyata keçirilir. Mərhəmət və xeyirxah xalqımız da gəlib baş çəkir, ziyarət edirlər. Bəzən istifadə olunmuş geyim əşyalarını hədiyyə edənlər də olur. Onların içərisində təmiz, səliqəli, təzə olanlar da olur, olmayanlar da... Bu həmin paltarları verən insanların səviyyəsinə uyğun olur. Biz də uyğun olanları götürürük. Digərlərini də biz kiməsə hədiyyə edirik”.

Təhlükəsizlik məsələsinə gəldikdə isə, o, axşam nəzarətçilərinin olduğunu bildirir.

N.Mənsimlinin sözlərinə görə, sığınacağın hazırda futbol meydançasına ehtiyacı var:

“Çünki uşaqlarımızın əksəriyyətinin futbola marağı var. Bu olsa idi, şəraitimiz daha yaxşı olardı”.

Uşaqlar Günündə əsl bayram olur

O deyir ki, hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə burada əsl bayram havası olur və bunu uşaqlara yaşada bilirlər:

“Yemək-içmək, gəzmək, əylənmək, musiqi təşkil olunur. Hədiyyələr verilir, onları gəzməyə, oyun zallarına aparırıq. Bəzi şirkətlər həmin gün bizə müraciət edirlər və uşaqların yanında olmaq istəyirlər. Biz onda bəzi şirkətləri tanımağa başlayırıq. Bu yaxşı bir haldır, ancaq istəyərdim ki, həmin şirkətlər il boyu bizim yanımızda olsunlar, təkcə bayramlarda deyil. Bayramlarda hamı fəallaşır, bunu il boyu görmək istərdik.

Uşaqları adi günlərdə də ödənişsiz tamaşaya, sirkə, konsertlərə aparırıq. Bunu daha çox Heydər Əliyev Fondu təşkil edir. Bəzən də bunun üçün kimlərsə ödəniş edərək bizim üçün təşkil edir”.

Sığınacaqdan qarmaqarışıq duyğularla ayrılıram. Amma o xalça toxuyan qızın dediyi, pıçıldadığı sözü hələ də qulağımdadır.

FOTO: Elnur Muxtar