BAKI, 1 iyun. TELEQRAF
“Bizim məqsədimiz “Roblox” platformasının fəaliyyətini məhdudlaşdırmaq deyil, uşaqların zərərli məlumatlardan qorunması üçün platformada müvafiq standartların yaradılmasına nail olmaqdır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda jurnalistlərə açıqlamasında deyib.
B.Muradovanın sözlərinə görə, rəqəmsal dövrdə problemlərin həlli qadağalarla deyil, əməkdaşlıq yolu ilə mümkündür:
“Bizim məqsədimiz onların fəaliyyətini məhdudlaşdırmaq deyil. İstəyirik ki, yaratdıqları və inkişaf etdirdikləri platformalarda uşaqların zərərli məlumatlardan qorunması standartları formalaşdırılsın və buna özləri nəzarət etsinlər. Rəqəmsal dövrdə qadağalarla nəyəsə nail olmaq mümkün deyil”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda ailə və milli-mənəvi dəyərlər yüksək tutulur və fəaliyyət göstərən beynəlxalq platformalar da bu dəyərlərə hörmətlə yanaşmalıdır.