​BAKI, 20 may. TELEQRAF

“GlobE Network”un 6-cı plenar iclasının Bakı şəhərində yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Baş Prokurorluğuna və bütün əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Belə mötəbər beynəlxalq tədbirdə iştirak etmək Vyetnam nümayəndə heyəti üçün böyük şərəfdir".

Teleqraf xəbər verir ki, bu barədə Vyetnamın Baş prokurorunun müavini Nquyen Quanq Zunq Bakıda keçirilən “GlobE Network”un 6-cı plenar iclasının sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Vyetnam olaraq biz korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyinə inanırıq. Bu baxımdan, “GlobE Network” kimi çoxtərəfli əməkdaşlıq platformalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq istərdim. Biz bu şəbəkə çərçivəsində, eləcə də digər beynəlxalq təşəbbüslər vasitəsilə korrupsiya cinayətlərinə qarşı birgə mübarizədə qarşılıqlı dəstəyi davam etdirməyə sadiqik.

Eyni zamanda, Azərbaycan ilə Vyetnam arasında mövcud olan uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərini xüsusi qeyd etmək istərdim. Keçmişdə bir çox vyetnamlı tələbə Azərbaycanda ali təhsil almış və bu gün onlar Vyetnamın müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərirlər. Bu, iki ölkə arasında insan resurslarının inkişafı sahəsində səmərəli əməkdaşlığın bariz göstəricisidir.

Bundan əlavə, Azərbaycan Vyetnamın neft və qaz sənayesinin qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi dəstək ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr vermişdir. Bu əməkdaşlıq bizim üçün olduqca dəyərlidir və gələcəkdə daha da genişləndirilməsi istəyirik",- Nquyen Quanq Zunq deyib.