BAKI, 19 may. TELEQRAF
ABŞ vətəndaşı olan səyahət blogeri Hindistanda yerli sakinlərin istifadə etdiyi qatarda 15 saatlıq səyahətdən sonra ağır respirator infeksiya ilə xəstəxanaya yerləşdirilib.
Teleqraf xəbər verir ki, Nik Meddok adlı şəxs “Instagram” hesabında kondisionerli üçüncü sinif kupesində səyahətdən sonra Butanda xəstəxanaya yerləşdirildiyini bildirib.
"Etiraf edirəm ki, Varanasidən Nyu-Calpayquriyə kondisionerli 3-cü sinif qatarla 15 saatlıq səyahətim 6 illik səyahət təcrübəmdə rastlaşdığım ən dəhşətli şeylərdən biri idi", - o deyib.
Meddokun sözlərinə görə, səfərdən sonra, artıq Butanda olarkən, ona uzun müddətli müalicə tələb edən "ağır respirator infeksiya" diaqnozu qoyulub.
Meddok indiyədək 120-dən çox ölkəyə səfər etdiyini, lakin ilk dəfədir xarici ölkədə xəstəxanaya düşdüyü qeyd edib.
Eyni zamanda, səyahətçi xəstəliyinin 15 saatlıq qatar səyahəti, yaxud Qanq çayında ölülərin yandırılması mərasimində iştirak zamanı infeksiyaya yoluxduğuna əmin olmadığını etiraf edib.
Onun videosu Hindistanda viral olub və müxtəlif reaksiyalar doğurub. Bir çox istifadəçilər səyahət blogerinin ölkədəki gigiyena standartları ilə bağlı fikirlərilə razılaşmayıblar.