BAKI, 13 may. TELEQRAF
Bu gün ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilən ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, "Ən yaxşı təqdimat" ölkəmizin irsini öyrənmək üçün ideoloji əhəmiyyəti olan müsabiqədir:
"Biz milli dəyərləri unutmayan nəsil yetişdirməyə çalışırıq. Müsabiqələr inkişaf üçün önəmlidir və Azərbaycan gəncliyinin inkişafında özünəməxsus rolu var. Müsabiqələr şagirdlərin müxtəlif sahələrdə bacarıqlarını göstərir. Bütün şagirdlər milli dəyərlər baxımından əla qiymət almağı hədəfləməlidir", - nazir qeyd edib.
Mərasimdə həmçinin Milli Məclisinin sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış ediblər.
Mərasimdə müxtəlif musiqi və rəqs nömrələri də təqdim olunub. İncəsənət Gimnaziyasının və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.
Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Səhnəyə dəvət olunan 35 qalibə diplomlar və hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqəyə ölkəmizin regionlarından ümumilikdən 3952 şagird qatılıb. 95 nəfər şagird ölkə mərhələsində iştirak hüququ qazanıb. Onların təqdimat çıxışları müsabiqə komissiyası tərəfindən qiymətləndirilib və nəticədə 6 nəfər I, 13 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.