BAKI, 2 may. TELEQRAF

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda ikinci forum başa çatıb.

Teleqraf xəbər verir ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Forum çərçivəsində "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində", "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı panel sessiyalar keçirilib.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovanın moderatorluq etdiyi I paneldə Müdafiə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi və Ombudsman Aparatının səlahiyyətli nümayəndələri spiker qismində çıxış edərək, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, suverenliyin gücləndirilməsi baxımından konstitusiyanın ali hüquqi qüvvəsinin ictimai şüurda möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb, konstitusiya dəyərlərinin təbliğində medianın əhəmiyyəti ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdə həyata keçirilən kommunikasiya fəaliyyətlərini geniş müzakirə ediblər.
Panel iştirakçıları diqqətə çatdırıblar ki, cəmiyyətin hüquqi maarifləndirilməsi, ictimai rəyin düzgün formalaşdırılması və milli suverenlik ideyalarının gücləndirilməsi məqsədilə media xüsusi əhəmiyyətə malik platforma kimi fəaliyyət göstərir, bu sahədə jurnalistlərin fəaliyyəti cəmiyyətlə dövlət qurumları arasında səmərəli ünsiyyətin qurulmasında və qarşılıqlı etimadın inkişafında əhəmiyyətli rol oynayır.

“Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı II panel sessiyada Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluq edib. Paneldə Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər.

Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələn təşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması, media qurumları ilə aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanın institusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub.

Sessiyada nəqliyyat infrastrukturunda ekoloji davamlılığın təmin edilməsi, ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, habelə yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Çıxışlar zamanı qeyd olunub ki, müasir informasiya mühitində bu təşəbbüslərin media vasitəsilə cəmiyyətə dolğun və şəffaf şəkildə çatdırılması ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

“İctimai proseslər media müstəvisində” mövzusunda II Forum “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı panel sessiya ilə yekunlaşıb. Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidovanın moderatorluq etdiyi sessiyada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri tərəfindən texnoloji təkamülün media mühitinə kompleks təsiri, media mühitində etibarlı informasiyanın qorunması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, eyni zamanda, kiberhücum riskləri və rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

İştirakçılar diqqətə çatdırıb ki, dünyada və ölkəmizdə məlumat təhlükəsizliyi sahəsindəki vəziyyət mürəkkəb və daim dəyişən bir dinamikaya malikdir. Həm beynəlxalq səviyyədə, həm də yerli kontekstdə hüquqi çərçivələr, kibertəhlükəsizlik strategiyaları, etik standartlar və sosial media mühiti bu sahənin təkmilləşdirilməsini tələb edir. Ölkəmizdə rəqəmsal savadlılığın artırılması, xüsusən məlumatların qorunması və məxfilik mövzularında vətəndaşların məlumatlandırılması vacibdir.

Qeyd edək ki, panel müzakirələrin hər birinin sonunda sual-cavab sessiyası keçirilib.

***

10:24

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumun açılış mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bildirib ki, ikinci ildir ki, ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir.

"Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır", - Ə.İsmayılov vurğulayıb.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev bildirib ki, məhkəmə-hüquq islahatlarının düzgün təqdim olunması, hüquqi termin və prosedurların ictimaiyyətə aydın şəkildə çatdırılması, eyni zamanda, ictimai rəyin sağlam əsaslarda formalaşdırılması məhz media ilə məhkəmə orqanları arasında peşəkar əlaqələrə əsaslanan əməkdaşlıqdan keçir.

Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev vurğulayıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov diqqətə çatdırıb ki, rəqəmsallaşma müasir cəmiyyətin inkişaf dinamikasında mühüm rol oynayır. Bu proses təkcə texnoloji sahələri deyil, informasiya dövriyyəsini, ictimai münasibətləri və vətəndaşların dövlətlə əlaqə imkanlarını da köklü şəkildə dəyişməkdədir, bu dəyişikliklər media və dövlət münasibətlərində yeni çağırışlar və imkanlar yaradır.

Forum açılış mərasimindən sonra işini "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində", "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı panel sessiyalarla davam etdirəcək.