BAKI, 9 aprel. TELEQRAF
İxrac üçün nəzərdə tutulmuş “Seyfulla & Kövsər” MMC-nin istehsal etdiyi 24,5 ton və “Akyol İnternational” MMC-nin istehsal etdiyi 98 ton dəri tullantısından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda təhlükəli zoonoz infeksiya törədicisi aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, faktla bağlı müəssisələrə dəri qəbuluna və sexlərin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, digər sexlərdə olan dərilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Uyğunsuzluq aşkarlanmış məhsul partiyalarının məhv edilməsi barədə qərar qəbul olunub.
Araşdırmalar davam etdirilir.