
BAKI, 24 mart. TELEQRAF
İstanbulda iğtişaşlar törədən qruplar məscid və qəbiristanlıqlara ziyan vurub.
Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı həyata keçirilən korrupsiya və terror araşdırmasına etiraz olaraq icazəsiz nümayişlərə səbəb olan qruplar məscid və qəbiristanlıqlara ziyan vurub.
İstanbul valisi Davut Gül bunun xalqın müqəddəs dəyərlərinə qarşı açıq təxribat olduğunu vurğulayıb. O, 5 gündür Saraçhanədə ictimai asayişi pozan qruplara qarşı polis qüvvələrinin böyük səbr və qətiyyətlə vəzifəsini davam etdirdiyini bildirib:
“Polisə daş atan, hücum edən şəxslər bir-bir müəyyən edilir. Onlara qarşı lazımi hüquqi prosedurlar aparılır. Məscidlərə və qəbiristanlıqlara ziyan vurmaq xalqın müqəddəs dəyərlərinə qarşı açıq bir təxribatdır. Bu çirkin əməlləri törədən şəxslər layiqli cəzalarını alacaqlar" .