
BAKI, 19 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhərinin Səbail rayonu 236, Nəsimi rayonu 164 və 14, Binəqədi rayonu 300, Xəzər rayonu 123, Suraxanı rayonu 275, Sabunçu rayonu 4 və 96 nömrəli tam orta məktəblərində, Ağciyər Xəstəlikləri İnstitutunda və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Sumqayıt Regional Mərkəzi tərəfindən 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam və Daşkəsən rayonu, Qabaqtəpə kənd ümumi, Gədəbəy şəhər 4 nömrəli ümumi orta məktəblərində və Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şimal Regional Mərkəzi tərəfindən Şabran rayonu, Zeyvə kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayonu Qarabaldır və Kərimli, Şəki rayonunun Aşağı Küngüt və Aydınbulaq, Qəbələ rayonunun İmamlı kənd tam orta məktəblərində və Zərgərli kənd ibtidai məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonunun Tumaslı kənd ümumi və Ağdam rayonunun Alıbəyli kənd tam orta məktəblərində, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad şəhər 1 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Göyçay şəhər M.Fizuli adına 6 və Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.