BAKI, 17 fevral. TELEQRAF

Fevralın 15-də yeni ana olan gənc qadın vəfat edib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, fevralın 14-də 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib. Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.

"Bir gün sonra - fevralın 15-də günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon tədbirlər göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.