
“Nikah öncəsi müayinələr” mövzusunda tədbir keçirilib
Azərbaycan Dillər Universitetində “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir” layihəsi çərçivəsində “Nikah öncəsi müayinələr” mövzusunda tədbir keçirilib.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən məlumata görə, universitetin baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə keçirilən tədbirdə “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli, təlimçi Vəfa Əliyeva və təlimçi - androloq Əlişir Mirzəyev, Kitabxana İnformasiya Mərkəzinin müdiri Nuranə Tağıyeva, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, ADU-nun Pedaqoji (ingilis dili- fransız dili) fakültəsinin 301 (a), 322 (a) qrup tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADU-nun Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin 301(a) qrup tələbəsi Lətifə Quliyeva təqdimatla çıxış etdi, ailə dəyərləri əks olunan slayd nümayiş olunub.
Sonra “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli sağlam ailə faktorları, ailə qurmadan öncə sağlamlığın yoxlanmasının zəruriliyi, sağlam fərdlərin sağlam ailənin təməli olması, müxtəlif genetik və infeksyon xəstəliklər haqqında iştirakçılara ətraflı məlumat verib. O, hazırda cəmiyyətdə fərdlərin ailə qurmadan öncə bu mövzular ətrafında müzakirələr aparmadığını və müayinədən keçmədiklərini deyib.
Daha sonra təlimçi Vəfa Əliyeva gənclərə ailə qurmadan öncə əməl etməli olduqları məsələlər, qan yol ilə keçən müxtəlif xəstəliklər haqqında informasiya verilməsinin zəruri olduğunu qeyd edib. O, gənclərə cəmiyyətdə geniş yayılmış xəstəliklər haqqında məsləhətlər verdi, eyni zamanda bu xəstəliklərin hansı yollarla gələcək nəsillərə keçdiyini də bildirdi. Vəfa Əliyeva gənclərin bu mövzuda daha geniş məlumat almağa səsləyib.
Sonra təlimçi-androloq Əlişir Mirzəyev kişilərin səhhətində yarana biləcək xəstəliklər və bu xəstəliklərdən qorunmağın yolları haqqında geniş məlumat verib. O, müalicənin vaxtında aparılmamasının kişilərdə sonsuzluğa yol açdığını bildirib. Əlişir Mirzəyev yarana biləcək xəstəliklərə qarşı gənclərin məlumatlandırılmasını və bu mövzuda təlimlərin keçirilməsinin vacib olduğunu deyib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin əsas məqsədi gəncləri nikahdan öncəki müayinənin əhəmiyyəti və müayinə qaydaları haqda məlumatlandırmaq olub.
NİGAR