Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini, İran XİN-nin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMEA rəhbəri qonaqları salamlayaraq Azərbaycan – İran əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışıb. Bildirib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Akademiyanın tarixi, son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi səhəsində görülən işlərdən danışan Akif Əlizadə AMEA-da elm və təhsilin inteqrassiyası, eləcə də bu istiqamətdə həyata keçiriləcək layihələr haqqında da söhbət açıb, İran elminin yeniliklərini də yüksək qiymətləndirib.

Hadi Süleymanpur İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və başqa bu kimi istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib. Sonra tələbə və doktorantların təcrübə mübadiləsi imkanları, Xəzər dənizində birgə bioloji və geoloji tədqiqatların aparılması və palçıq vulkanlarının müştərək araşdırılması istiqamətlərində fikir mübadiləsi aparılıb.

Sevil