
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edilməsi spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatlarının qiymətinə təsirsiz ötüşməyib.
Dəyişikliyə əsasən, bəzi məhsullar üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.
Qəribədir ki, son iki gündə bəzi məhsulların qiymətində də artım müşahidə olunur. Keçən həftə topdansatış mərkəzlərində növündən asılı olaraq bir kisə 50 kiloqramlıq unun qiyməti 17-18 manatdan 19-21 manata yüksəlib. Çayın qiymətində də dəyişiklik nəzərə çarpır. Əvvəllər 85-90 qəpiyə satılan yüz qramlıq “Beko”, “Champion” indi 1 manatadır.
Həm ölkəyə gətirilən, həm də yerli istehsala məxsus duru yağların da qiymətində 30-40 qəpik artım var. Son günlərin qiymət artımı üzrə məhsullar siyahısına gözlənildiyi kimi tütün məhsulları və spirtli içkilər liderlik edir.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.
Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. Eləcə də viski, rom, araq, likör və digər bu qəbildən olan içkilər üçün aksiz dərəcələri 20 faiz artaraq 6 dollardan (və ya 4,8 manatdan) 6 manata qaldırılıb.
Aksiz dərəcəsi kəskin artırılan mallar sırasına siqaretlər və tütün məmulatları da daxildir.
İqtisadçı Əli Əlirzayevə görə, məlum qərar gələcəkdə inflyasiyaya səbəb olacaq: “Aksiz dərəcələri qaldırılan məhsulların müəyyən həddə bahalaşması qaçılmaz olacaq, fikrimcə, bu, digər məhsullara da təsir edəcək. Bu məsələdə psixoloji amillər daha böyük rol oynayacaq. Yəni bir məhsulun qiymətinin qalxması digərlərinə də təsir göstərəcək”.
Ekspert deyir ki, dünya iqtisadiyyatında aksiz dərəcələrini artırmaq yerli istehsalı gücləndirmək, daxili imkanları genişləndirmək məqsədi daşıyır: “Tələbatın daxili imkanlar hesabına ödənilməsi ölkənin iqtisadi siyasətində hər zaman prioritet olub. Yerli məhsullara tələbat çoxalsın deyə, idxal məhsullarına aksiz dərəcələri artırılır. Nəticədə xarici məhsulların bazarı daralır, sahibkarlar da həmin məhsulları gətirməkdə maraqlı olmur, bu isə təbii şəkildə qiymət siyasətinə təsir edir”.
Əli Əlirzayev deyir ki, bu prosesdə nə istehlakçı hüquqlarının pozulması, nə də bir çoxlarının dediyi kimi, inhisarçılıq amili var: “Spirtli içki, tütün məmulatları xüsusi əmtəə sayılır və onların qiymət siyasəti dövlətin marağında olan məsələdir. Digər tərəfdən, bu məhsullar tələbatlı məhsullar olduğu üçün qiymət tənzimləməsi istehlakçı hüquqlarının qorunması çərçivəsində aparılır. Dövlətin ixtiyarı var ki, həmin məhsulların qiymətini özü normalara uyğun şəkildə tənzim etsin”.
Proseslərin daxili istehsala marağı artırmağa hesablandığı deyilsə də, ekspert narazı məqamların olacağını da bildirir. Səbəb isə daxili istehsalın yerli alıcıların böyük bir hissəsini qane etməməsidir.
İqtisadçı Vüqar Bayramov isə spirtli içki və tütün məhsullarının bahalaşmasına rəğmən, prosesin faydalı olacağını düşünür: “Məlumdur ki, neftin qiymətinin düşməsi büdcəyə daxilolmaların azalmasına gətirib çıxaracaq. Həmin xərcin ödənməsi üçün indiki halda dövlətin tətbiq etdiyi əsas vasitə aksiz vergilərin artırılması ilə bağlı qərar qəbul etməkdir. Digər ölkələrə nisbətən Azərbaycanda spirtli içkilərin qiyməti aşağıdır. Bunun üçün də həmin içkilərə tələbat artır. Qiymətin yüksəldilməsi isə spirtli içkilərin istehlakının azalmasına gətirib çıxarır. Spirt və siqaretin ziyanını nəzərə alsaq, bu, birmənalı şəkildə arzuolunandır. Qiymətin artması istehlakın azalmasına gətirib çıxaracaq”.
Ekspert bəzi həmkarlarından fərqli olaraq aksiz vergilərinin artırılmasının digər məhsulların qiymətinə təsir göstərməyəcəyini deyir: “Amma spirtli içkilərdən istifadə edənlər qiymət artımını restoranlarda da hiss edəcəklər. Bundan başqa, spirtli içki və siqaretdən istifadə edənlərin xərclərində artım olacaq”.
Naibə