Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) “Siyəzən” neft və qazçıxarma idarəsinin çənlər parkında yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd neft-qaz infrastrukturuna aid obyektlərdə baş verə biləcək yanğınlarla mübarizə sahəsində şəxsi heyətin bilik və bacarıqlarının artırılması, qüvvələrin koordinasiyalı idarə edilməsi üzrə vərdişlərin təkmilləşdirilməsi olub. Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən rayon Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri ilə yanaşı, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi, Xızı və Şabran rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilib.
Təlim zamanı neft məhsulları saxlanılan çəndə baş vermiş şərti yanğınla əlaqədar elan olunan şərti 2 saylı “Çağırış”la əraziyə yanğından mühafizə bölmələri cəlb olunub, “yanğınla” mübarizə tədbirləri aparılıb. Bu zaman əməliyyat şəraitinin qiymətləndirilməsi, kəşfiyyatın həyata keçirilməsi, texnikaların səmərəli şəkildə tətbiqi, qüvvələr arasında səmərli koordinasiyanın təmin olunması kimi mühüm elementlər məşq edilib. Şərti yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Uğurla bitən təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının və xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları tərəfindən yanğından mühafizə bölmələrinin yanğının söndürülməsi zamanı fəaliyyətləri müzakirə olunub, peşə hazırlığının təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.