Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllim-şagird münasibətlərinin pozulması ilə bağlı məsələlər əsas müzakirə mövzusuna çevrilib.

Teleqraf.com bildirir ki, buna səbəb Bakı məktəblərinin birində müəllimin şagirdi döyməsi xəbərinin yayılmasıdır. Daha dəqiq desək müəllimin şagirdi döyməsi faktının aşkarlanmasıdır.

Nəzərə alsaq ki, anaolji hadisələr bu vaxta qədər bir neçə dəfə baş verib və ictimai qınağa səbəb olub. Bu cür hallar bir daha onu göstərir ki, bəzi məktəblərdə hələ də müəllim-şagird münasibətləri düzgün səviyyədə qurulmur.

Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov məsələyə münasibət bildirərkən deyib ki, ibtidai siniflə ayrıca psixoloq məşğul olmalıdır.

"Psixoloq 5-10-cu siniflərlə ayrıca məşğul olmalıdır. Hətta müəllimin özü ilə də məşğul olan psixoloqların olması məktəbdə pis olmazdı. Bəzən elə kollektivlər olur ki,orada müəllimin özünün psixoloji yardıma ehtiyacı olur. Müəllim şagirdi tərbiyə məqsədiylə onların yol verdiyi səhvlərə görə cəzalandırarkən fiziki güc tətbiq edə bilməz”.

Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov onu da qeyd edib ki, əgər şagirdə qarşı kobudluq edən müəllimin təlim-tərbiyədə yol verdiyi digər pozuntular da təsdiqlənərsə, o, müəllimlik fəaliyyətindən uzaqlaşdırıla bilər.

"Müəllim şagirdə bütün hallarda əl qaldıra bilməz. Əgər bu baş verərsə, məktəb rəhbərliyi tərəfindən dərhal sezilməlidir, bilinməlidir və müvafiq tədbirlər görülməlidir. Müəllimə xəbərdarlıq edilə bilər. Töhmət verilə bilər. Əlbəttə ki, son xəbərdarlıq edilə bilər”.

Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın psixoloqu Ülkər Cavadova deyib ki, əgər şagird dərsi pozarsa və ya məktəb qaydalarına riayət etməzsə həmin şagirdin sinfi dəyişdirilə, yaxud da məktəbdən xaric oluna bilər:

“Bir iki kəlmə söhbət etdikdən sonra görürəm ki, sinif qarşısında, müəllim qarşısında buna nəsə fərdi yanaşa bilmərəm. Mən onu sadəcə otağa gətirib fərdi söhbətlər edirəm. Hər bir yaş dövründə hansı problemlər ola bilər, onları bilməlidir ki, onlara yanaşma tərzini öyrənsə, məncə konflikt yarana bilməz”.

Müəllim-şagird münasibətlərində baş verən nöqsanların səbəbini təkcə məktəbdə görmək olmaz.

Unutmayaq ki, şagirdə tərbiyə verən əsas tərəf elə valideynlərdir. Ona görə də bu məsələnin həllində müəllim-valideyn əməkdaşlığının qurulması mütləqdir.