BAKI, 16 iyul. TELEQRAF
"Yay aylarında heyvan dişləmələrinə daha çox məruz qalınır ki, bu da quduzluq virusuna yoluxmaya səbəb ola bilir".
Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Həkimin sözlərinə görə, yay aylarında heyvan dişləmələrinə daha çox məruz qalınır.
"Quduzluq xəstəliyi insana çaqqal, canavar, tülkülər, iribuynuzlu qaramallar vasitəsilə yoluxdurulur. Canavar və tülkülər patogenliyinə görə daha təhlükəlidir.
Virus ətraf-mühitə davamsızdır. 56 dərəcəyə 15 dəqiqəyə, qaynayanda 2 dəqiqədə məhv olur.
Həkim qeyd edib ki, lokalizasiyasına görə heyvan dişləmələri 2 növə bölünür: təhlükəli və təhlükəsiz (yuxarı və aşağı).
"Mərkəzi sinir siteminə yaxın ərazilərdə dişləmə və cırnaqlamalar zamanı xəstəlik inkişafı daha risklidir. Heyvan dişləmələri yuxarı ətraflarda yerləşərsə, yoluxma riski 90 faizdir. Dişləmə zamanı quduzluq və bakterial mənşəli tetanus xəstəliyi inkişaf edə bilər.
Heyvan dişləməsinə məruz qaldıqda həkiməqədər yardım üçün həmin nahiyə saf suyla 15 dəqiqə yuyulmalıdır. 72 faizli sabunla zədə və ətraf nahiyyəni yaxşı yumaq lazımdır. Spirt və yodla yara ətrafı təmizlənməlidir. Sonra isə ən yaxın tibb məntəqəsinə çatdırılmalıdır. Tibb məntəqəsində tibb işçisi yenidən yara ətrafını təmizləməlidir. Eyni zamanda dezinfeksiyaedici məhlulla həmin nahiyə dezinfeksiya edilir və anamnez toplanır, müalicə təyin edilir.
Müalicə iki cür olur. Məlum heyvanlar tərəfindən dişləmə olubsa, üç doza vaksin təyin edilir. Əgər heyvan məlumdursa, on gün ərzində ölmürsə, kurs bununla yekunlaşır. İkinci kurs isə naməlum heyvanlar tərəfindən törədilən xəsarətlər zamanı və ya heyvanı müşahidə imkanı olmadığı hallarda aparılır. Burda 3 dozadan sonra 14-cü və 28-ci günlərdə əlavə doza da vurulur", - həkim bildirib.