İngiltərənin Baş naziri Boris Consonun vəzifə başına gəldiyi gündən dədəsi Əli Kamal bəyin kimliyi maraq doğurub. Mustafa Kamal paşanın öndərliyində başlayan Qurtuluş savaşına qarşı olduğu üçün cəzalandırılan Əli Kamalın şəxsiyyəti bu gün də mübahisəlidir.
Əsl adı Əlirza olan Əli Kamal bəy 1867-ci ildə İstanbulda doğulub. Əvvəlcə Kaptanpaşa rüşdiyyəsində təhsil alıb, 1877-1878-ci ildə baş verən Osmanlı-Rusiya müharibəsinə görə bu məktəb bağlandığı üçün Gülhanə Əsgəri rüşdiyyəsində davam etdirib. Lakin 1881-ci ildə oradan qovulub, bir müddət Süleymaniyyə məscidində dərs aldıqdan sonra 1882-ci ildə Məktəbi-mülkiyyəyə daxil olub. Bu dövrdə Əhməd Midhəd əfəndidən və Muallim Nacidən təsirlənib, ilk şeirlərini yazıb, 1886-cı ildə “Gülşən” adında jurnal çıxarıb.
Fransaya doğru və sürgün həyatı
Təhsil aldığı dövrdə fransız dilini öyrənmək məqsədilə 1887-ci ildə Uşşakizadə Süleyman bəylə birgə Fransaya yollanıb. Parisdə ikən müxtəlif qruplarla münasibətdə olan Əli Kamal daha sonra Cenevrəyə yerləşib. 1888-ci ildə İstanbula qayıdıb, Avropada qazandığı təcrübəsini bölüşmək üçün tələbə dostları ilə birlikdə dərnək qurub. Bu fəaliyyətinə görə diqqət çəkib, dərnəyin dördüncü toplantısında saxlanılsa da, cəza almayıb. Məktəbi-mülkiyyədəki təhsilini davam etdirən Əli Kamal “Mütalaa” adlı dərgi çıxarıb. Həmin ərəfədə yaxın dostu Əbdülhəlim Məmduh ilə birgə gizli cəmiyyət qurduğu üçün doqquz ay müddətinə həbs edilib, ardınca sürgünə göndərilib. 1889-cu ildə anası və bacısı ilə birgə məmur olaraq göndərildiyi Hələbdə fəaliyyətə başlayıb. Burada tarix və ədəbiyyat müəllimi kimi çalışan Əli Kamal şəhər valisi Arif paşaya qarşı müxalifət yaradıb, Maarif müdiri Tosun Paşazadə Tevfik bəyin təqdirini və dostluğunu qazanıb. Maarif nazirliyinin məktəb kitabları ilə bağlı təşkil etdiyi müsabiqədə “Elmi əxlaq” adlı əsəri birincilik qazansa da, mərkəzdən sürgün edildiyi məlum olunca 1893-cü ildə məktəbdəki vəzifəsindən çıxarılıb. Müxtəlif işlərdə çalışan Əli Kamal bir müddət Hələb və ətrafında gəzdikdən sonra icazəsiz şəkildə İstanbula qayıdıb. Buna görə də növbəti dəfə haqqında sürgün qərarı çıxarılıb. Bu qərarı eşidən Əli Kamal 1895-ci ildə Parisə qaçıb.
Parisdə ikən “İkdam” qəzetinin müxbiri kimi çalışan Əli Kamal təhsilini davam etdirmək üçün Siyasi Elmlər məktəbinə (École Libre des Sciénces Politiques) daxil olub, 1899-cu ildə buranı tamamlayıb. Parisdə ikən qələmə aldığı yazılarda Qərb dünyasının sənət, düşüncə, ədəbiyyatla bağlı təcrübələrini türk oxucusuna tanış edib.
Parisdə ikən Gənc Türklərlə tanış olan Əli Kamal bir müddət sonra hərəkatın önəmli simaları olan Əhməd Rza, Mizancı Muradla ixtilaf yaşayıb, nəticədə Sultan Əbdülhəmidlə anlaşaraq İstanbula qayıdıb, bu dəfə Gənc Türklərin əleyhinə çalışıb. Sarayla Gənc Türklərin anlaşmasından sonra 1900-cü ildə misirli bir şahzadənin çiftliyini idarə etmək üçün Qahirəyə gedib. “Tunus” adlı yol xatirələrindən ibarət kitab qələmə alıb. Bu dövrdə mətbu fəaliyyətini davam etdirən Əli Kamal 1901-ci ildə cəmi bir sayı çıxan “Məcmuə-i Kemal” jurnalını, 1903-1907-ci illərdə “Türk” adlı qəzeti çıxarıb.
Əli Kamal “İki həmşirə”, “Çöldə bir sərgüzəşt” adlı romanlarında Hələbdə sürgün həyatı yaşadığı dövrdə başına gələnləri qələmə alıb. “Fetret” adlı əsəri avtobioqrafik xarakterlidir, ictimai-siyasi, ədəbi görüşləri yer alıb. Bundan başqa bir sıra əsərləri, məqalələrdən ibarət kitabları işıq üzü görüb.
Əli Kamal bəy Yusuf Akçuranın məşhur “Üç tərzi-siyasət” adlı əsərini “Türk” qəzetində “Cavabımız” başlığı ilə tənqid edib. Yay tətili üçün getdiyi Cenevrədə tanış olduğu ingilis xanımla 1903-cü ildə Londonda evlənib. 1908-ci ildə hökumətin icazəsi ilə İstanbula qayıdıb, bununla da sürgün həyatı bitib.
Sürgündən qayıdış
İstanbula qayıdan Əli Kamal “İkdam” qəzetinin baş mühərriri olub, eyni zamanda Məktəbi-mülkiyyədə siyasi tarix, universitetdə Osmanlı tarixindən dərs deyib. Bu dövrdə yeni qurulan Əhrar partiyasına üzv olub, İttihad və Tərəqqi üzvləri ilə mətbuat üzərindən mübarizə aparıb. 1909-cu ildə məşhur ittihadçı Bəhaəddin Şakir ilə məhkəməlik olan Əli Kamal məhkəməni uduzub, yenidən iqtidara gələn İttihad və Tərəqqi hökumətinin onu edam edəcəyindən qorxaraq Parisə qaçıb. Ardınca Londona yerləşib. 1909-cu ildə Parisdə “Yeni yol” adlı dərgi nəşr edib. Jurnalın Türkiyəyə girişi qadağan edilib, o da bağlamaq məcburiyyətində qalıb. Bu ərəfədə Əli Kamalın həyat yoldaşı vəfat edib.
1912-ci ilin iyulunda İttihad və Tərəqqi hökuməti devrildiyi və ümumi əfv fərmanı verildiyi üçün yenidən İstanbula qayıdıb, təkrar “İkdam” qəzetində yazmağa başlayıb. Lakin altı ay sonra məşhur Babıali basqını ilə yenidən ittihadçılar iqtidara gəldikləri üçün bu dəfə Vyanaya sürgün edilib. Üç ay sonra İstanbula qayıdan Əli Kamal Böyükadaya yerləşib, 1914-cü ildə Zəki paşanın qızı ilə evlənib. Bu dövrdə çıxardığı “Peyam” qəzetini hökumət qadağan edib. I Dünya müharibəsi illərində müəllimlik etməklə yanaşı ticarətlə də məşğul olub.
Osmanlı naziri Əli Kamal
Müharibədən sonra yenidən mətbuat həyatına qatılmaqla yanaşı həm də siyasi fəaliyyətə başlayıb. 1918-ci ildə Osmanlı Sülh və Səlamət Cəmiyyətini qurub, ardınca Hürriyyət və İtilaf partiyasının ümumi katibi olub. Birinci Damad Fərid paşa kabinetində Maarif naziri (3 mart 1919), ikincisində isə Daxili İşlər naziri (19 may 1919) olub. Bu dövrdə Anadoluda Mustafa Kamal paşanın başlatdığı hərəkata qarşı çıxan Əli Kamal milli qüvvələr (Kuvayi-milliye – işğala qarşı yaradılan yerli qüvvələr) və Mustafa Kamal paşa əleyhinə qərar imzalayıb. Müharibədən parçalanmış şəkildə çıxan Osmanlının xilasını İngiltərənin mandatına girməkdə görən Əli Kamal İngilis Muhibləri Cəmiyyətinin də mərkəzi təşkilatının üzvü olub. Yunan ordusunun İzmirə daxil olması, Anadoluya doğru irəlilədiyi dövrdə Əli Kamal nazirlikdən istefa verib, yenidən “Peyam” qəzetini çıxarıb. Qəzetində Mustafa Kamal paşanın əleyhinə yazılar qələmə aldığı üçün tələbələrin etirazına tuş gəlib, universitetdəki işindən ayrılmaq məcburiyyətində qalıb. “Peyam” qəzeti ilə “Sabah” qəzeti birləşərək 1920-ci ildə “Peyami-sabah” adlanıb və yeni qəzet də Qurtuluş savaşının əleyhinə fəaliyyət göstərib.

Əli Kamalın öldürülməsi
Mustafa Kamal paşanın öndərliyində Qurtuluş savaşının qazanılmasından sonra Ankara hökuməti Əli Kamalı İstanbuldan tələb edib. “Qayələrimiz bir idi və birdir” adlı son baş məqaləsində səhvini etiraf etsə də, qatarla Ankaraya göndəriləcəyi əsnada İzmitdə Nurəddin paşanın əmriylə 6 noyabr 1922-ci ildə linç edilərək öldürülüb.
“Atatürk Ensiklopediyası”nda hadisə bu şəkildə təsvir edilib: Oktyabr ayının sonlarında Ankara hökuməti İstanbul polisindən Əli Kamalın məhkəməyə çıxarılması üçün göndərilməsini tələb edib. 5 noyabr 1922-ci ildə Təşkilati-Məxsusə və İstanbul Əmniyyətinə mənsub mülki geyimli şəxslər tərəfindən Bəyoğlunda təraş olduğu bərbərxanadan götürülüb, Ankaraya göndərilməsi üçün mühərrikli qayıqla İzmitə aparılıb. Bölgə komandanı Nurəddin paşaya təslim edilib. Əli Kamal sorğu hakimi Nəcib Əli bəyin suallarını cavablandırıb. O, milli mücadilənin uğurlu olacağını təxmin etmədiyini, uzun müddət xaricdə yaşadığı üçün türk millətindəki mücadilə ruhu və qeyrətindən xəbərsiz olduğunu, amma vətənini sevdiyini bildirib. Nurəddin paşanın əmri ilə komandanlıq binası önünə gətirilən Əli Kamalı qəzəbli kütlə daş və çubuqlarla linç edərək öldürüb. Çılpaq bədəninin ayaqlarına ip bağladılaraq küçələrdə sürüklənib. Ardınca üzərinə “Xaini-din və vətən Artin Kamal” yazılmış ağ köynək geyindirilərək cəsədi Lozanna konfransına gedən İsmət paşanın görməsi üçün İzmit stansiyasında dirəkdən asılıb. Lakin İsmət paşanın etirazına görə bir çüxura gömülüb. 1950-ci illərdə dəfn yeri aşkarlanıb. Mustafa Kamal paşa Əli Kamalın bu şəkildə öldürülməsini cinayət kimi qəbul edib.
Bəzi xatirələrə görə xalq önünə çıxarılan Əli Kamalı arxadan Nurəddin paşanın əsgərlərindən biri bıçaqla vurub.

Əli Kamalın ailəsi
Əli Kamalın ikinci həyat yoldaşı Sabiha xanım 5 noyabr 1990-cı ildə İstanbulda vəfat edib. Oğlu Zəki Kuneralp (1914-1998) prezident İsmət İnönünün xüsusi izni ilə Xarici İşlər nazirliyinə daxil olub, müxtəlif vəzifələrdə çalışıb. Zəki bəy Madriddə səfir ikən ermənilərin ASALA terror təşkilatının həyata keçirdiyi akt nəticəsində həyat yoldaşı Necla Kuneralpı, bacanağı Bəşir Balcıoğlunu itirib. Əli Kamalın nəvəsi Səlim Kuneralp da səfir olub.
Əli Kamalın ingilis həyat yoldaşı Winifreddən olan oğlu Osmanın adı Wilfred olaraq dəyişdirilib. Osmanı ana nənəsi Margaret Johnson böyütdüyü üçün onun soyadını qəbul edib. Osman (Wilfred) II Dünya müharibəsi illərində pilot olaraq döyüşə qatılıb, yüksək medala layiq görülüb.
Irene Williams ilə evlənən Osman Kamalın (Wilfred Johnson) 1940-cı ildə Stanley Johnson adlı oğlu doğulub. Stanley Johnson yazıçı olmaqla yanaşı Mühafizəkarlar partiyasından millət vəkili olub.
Stanley 1963-cü ildə rəssam Charlotte Fawcett ilə evlənib, dörd övladı olub. Onlardan biri də İngiltərənin Baş naziri Boris Johnson-dur.
Beləliklə, bu gün İngiltərənin Baş naziri olan Boris Conson Osmanlı Daxili İşlər naziri Əli Kamalın nəticəsidir.