BAKI, 28 aprel. TELEQRAF
Ötən il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb.
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, indiyədək 19,5 minə yaxın sorğu cavablandırılıb.
Nazirin sözlərinə görə, 2024-cü il ərzində baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb.
2 milyona yaxın əmək müqaviləsi elektron formada bağlanıb.
Nazir qeyd edib ki, Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması prosesi uğurla tətbiq edilir.
O bildirib ki, hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanıb.
Nazirin sözlərinə görə, bu mövcud müqavilələrin 87%-ni təşkil edir:
"Bu altsistem sayəsində bədbəxt hadisələrə dair məlumatlar vahid elektron platformada toplanır və risklər süni intellekt dəstəyi ilə analiz edilir. Bu, əməyin mühafizəsində qabaqlayıcı və proaktiv yanaşmanın əsas komponentlərindən biridir. Sistem imkan verir ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta müqavilələri bağlamayan və minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri müəyyən edib onlar barəsində müvafiq maarifləndirmə, xəbərdarlıq və proaktiv nəzarət tədbirləri görək".