Tarixi mənbələrdən Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi və həyat yoldaşı Həcərin övladının olmaması məlum idi. Ancaq bir müddət əvvəl özünü Nəbi və Həcərin kötücəsi kimi təqdim edən, əvvəllər Türkiyədə, hazırda isə Avstraliyanın Melburn şəhərində yaşayan Mehmet Elturanın müsahibəsi cəmiyyətdə çaşqınlıq yaratdı.
Mehmet Elturanın sözlərinə görə, Qaçaq Nəbidən bəhs edən “Atları yəhərləyin” filmində təhriflərə yol verilib: “Filmə Azərbaycanda baxdım. Onların həyatı haqqında çəkilən filmdə guya övladlarının olmaması vurğulanır. Təbii ki, bu, yalandır. Lakin filmin sovet dövründə çəkildiyini də nəzərə almalıyıq. Bakıda olanda mənə dedilər, həmin dövrdə filmi qəsdən belə çəkdilər ki, kimsə ermənilərə qan uddurmuş Nəbinin nəvə-nəticələri ilə maraqlanmasın. Ermənilər “Atları yəhərləyin” filminin çəkilişinə, ssenarisinə müdaxilə ediblər, təzyiq göstərmişdilər”.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan araşdırmaçı Taryel Faziloğlu məsələyə belə aydınlıq gətirdi: “Tarixi mənbələrə əsasən, Qaçaq Nəbiylə Həcərin övladı olmayıb. Həcər xanım Nəbidən sonra yenidən ailə qurub, onda da övladı olmayıb. Çünki onların övladının olmamasının Həcər xanımla bağlı olduğu yazılır. Qaçaq Nəbinin övladı olduğunu iddia edən adamların istəyinin nə olduğunu deyə bilmərəm, ancaq tarixi faktdır ki, Nəbiylə Həcər övlad sahibi olmayıblar. Bunun ən böyük təsdiqi o dövrün yazılarıdır. Çünki Qaçaq Nəbi Gorus həbsxanasına salınanda haqqında tutulan sənədlərdə onun həkim müayinəsindən keçdiyi və övladının olmadığı qeyd edilib. Ondan qısa müddət sonra öz silahdaşları tərəfindən öldürülüb”.
Bəs sözügedən mənbəyə nə dərəcədə istinad edə bilərik?
Onun sözlərinə görə, istinad etdiyi mənbə dövlət sənədidir: “Söz etdiyim sənədlər Çar Rusiyasının dəftərxanasının sənədləridir. Dövlətin rəsmi sənədlərinə inanmadıqdan sonra nəyə inana bilərik?
Həcər xanımla Nəbinin hansısa övladından, nəvəsindən, nəticəsindən söhbət gedə bilməz. Bu, tamamilə yanlışdır.
Qaçaq Nəbiylə bağlı mənbələrdə tutulduğu dövrdə dəftərxanada onun haqqında, tutulduğu və əsir götürüldüyü ilə bağlı dosyelər var. Əsirliklə bağlı dosyedə onun ailə vəziyyətinə dair bütün məlumatlar qeyd olunur. Biz o qeydləri əsas götürürük. İkincisi, Qaçaq Nəbi dastanını əsas rəhbər tuturuq. Xalq tərəfindən yaradılan bu dastan qeyri-dəqiq olsa da, mənbə hesab edilir.
Üçüncüsü, o dövrdə yaşayan insanların xatirələri bizə məlumat verir. Bu xatirələrin heç birində Nəbinin övladıyla bağlı yazı yoxdur. Dövlət arxivində olan sənədlər isə bizim üçün əsas mənbədir”.
Həcər erməniyə ərə gedibmi?
Taryel Faziloğlu Həcərin erməniyə ərə getməsi haqqında danışılanlara da toxundu: “Həcər xanım haqqında yanlış məlumatlar yazılır ki, Nəbidən sonra altı dəfə ərə gedib, iki dəfə erməniylə ailə qurub. Bunların heç bir əsası yoxdur. Həcər xanım Sovet hakimiyyəti qurulandan sonra üzə çıxıb. Nəbidən sonra bir dəfə ailə qurub və ömrü boyu o ailədə yaşayıb. Ailə qurduğu şəxs sadə bir kolxozçu olub. Həcər xanım heç kolxozda da işləməyib, ömrünün sonuna kimi evdar qadın kimi sakit həyat yaşayıb. Evləndiyi adamdan da övladı olmayıb. Həmin şəxsin özünün üç övladı olub, Həcər xanım da o uşaqlara analıq edib, qayğılarına qalıb. Yəni Həcər xanım dul kişiylə ailə qurub.
Onunla bağlı yanlış məlumatlar heç bir əsasa söykənmir və ajiotaj yaratmaq, diqqət çəkmək üçün ortaya atılan şayiələrdir. Arxiv materialları da ortalıqdadır və orada belə bir məlumat yoxdur”.
Məsələni diqqətdə saxlayacağıq.
Sevinc Fədai