BAKI, 19 noyabr. TELEQRAF

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a bildirilib ki, MDB Parlamentlərarası Assambleyasının Tükmənistanda keçirilən Şura və 61-ci plenar iclasları çərçivəsində reallaşdırılan görüşdə təşkilatın ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, hər iki ölkənin parlamentləri dövlət başçılarının müəyyən etdiyi siyasi xəttə dəstək verərək, əlaqələrin hərtərəfli gücləndirilməsinə sadiqdirlər.

Görüşdə parlament diplomatiyasının əhəmiyyəti diqqətə çatdırılıb, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bu baxımdan Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin parlamentlər çərçivəsində də davam etdirildiyi qeyd olunub. Parlamentarilərin Rusiya və Azərbaycan arasında əməkdaşlığın bütün spektrinin gücləndirilməsindəki rolu vurğulanıb, beynəlxalq parlament platformalarında qarşılıqlı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının mühüm roluna da toxunulub, bununla yanaşı, humanitar əlaqələrin vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.