BAKI, 25 sentyabr. TELEQRAF
"27 Sentyabr 2020-ci il Azərbaycan tarixinin şərəfli səhifələrindən biri, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və qəhrəman oğul və qızlarımızın canı, qanı bahasına yazılmış tarixi Zəfər yolunun başlanğıcıdır".
Teleqraf xəbər verir ki, bu barədə "Ana Vətən Partiyasının" Vətən Müharibəsinin altıncı ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilib ki, altı il əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu:
"Xalqımız Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında vahid amal ətrafında sıx birləşərək öz iradəsini, Ordumuz gücünü, peşəkarlığını və qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan uzun illər davam edən işğala son qoydu, ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticə əldə etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu.
Günümüzdə üçrəngli, əzəmətli Dövlət Bayrağımız Azərbaycanın bütün suveren ərazilərində qürurla dalğalanır. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Cənab Prezident İlham Əliyevin ardıcıl, prinsipial siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz milli birliyi dayanır.
27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın müqəddəs xatirəsinə ümumxalq ehtiramının ifadəsidir. Şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlıq xalqımızın milli yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün Vətən sevgisinin, mərdliyin və vətənpərvərliyin ən ali nümunəsi olacaqdır".
Həmçinin vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk:
"Qazilərimizin, müharibə iştirakçılarının və şəhid ailələrinin dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Möhtərəm Cənab Prezident İlham Əliyevin praqmatik siyasəti, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına qayıdışı şəhidlərimizin uğrunda canlarını fəda etdikləri azad və bütöv Azərbaycanın yeni inkişaf salnaməsidir.
Dövlət başçımız, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha güclü gələcəyi naminə çalışmaq, şəhidlərimizin bizə əmanət etdiyi müstəqil, suveren və bütöv Azərbaycanı qorumaq, dövlətimizin qüdrətini daha da artırmaq və milli birliyimizi möhkəmləndirmək hər birimizin vəfa borcudur. Şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".