BAKI, 24 sentyabr. TELEQRAF
"2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait planlaşdırılır. 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul edilib, həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib".
Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin iclasında bildirib.
O qeyd edib ki, sentyabrın 22-də cənab Prezidentin birbaşa sədrliyi ilə keçirilən müzakirələrdən sonra, onun xüsusi önəm verdiyi sahələrdən birini əhatə edən “Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub.
Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmini, yüksək əlavə dəyər yaradan istehsalın və ixrac potensialının genişləndirilməsi və qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması, yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyən edilib.