BAKI, 30 iyul. TELEQRAF
“Ümumi təhsil haqqında” qanuna edilən dəyişiklik normativ hüquqi aktlara uyğunlaşdırılır.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Sənədə əsasən, Ədliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununa, həmçinin “Ümumi təhsil haqqında” Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul tarixli 434-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli 2 Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 729 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Elm və Təhsil Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla bir ay müddətində “Ümumi təhsil haqqında” Qanunun 12.13-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələblərə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmin Qanunun tələbləri nəzərə alınmaqla, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarının təkmilləşdirilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, qanunun və fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir.