BAKI, 29 iyul. TELEQRAF

"Azərbaycanla Gürcüstan arasında çox sıx əməkdaşlıq var. Bizim həm əməkdaşlıq, həm də yardım sahələri ilə bağlı çox uğurlu statistikamız var".

Teleqraf-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.

Onun sözlərinə görə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstan Prokurorluğunun nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib:

"Biz Azərbaycan prokurorluğunda olduq. Dəvətə görə Kamran Əliyevə təşəkkür edirəm. Bizim çox yaxın münasibətlərimiz var. Ölkələrimiz arasında yaxın əməkdaşlıq mövcuddur. Dostluğumuz iki ölkə arasında uğurlu əməkdaşlığa öz töhfəsini verir. Rəsmi səfər çərçivəsində görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Bu da iki ölkə arasında sıx əməkdaşlığa öz töhfəsini verir".

Giorgi Qvarakidze deyib ki, bu cür səfərlər iki ölkə arasında hüquq-mühafizə orqanları və hüquq sahəsində əməkdaşlığa böyük töhfələr verir:

"Bir daha Kamran Əliyevə dəvət üçün təşəkkürümü bildirərəm. Bu cür görüşlər prokurorluqlar arasında əməkdaşlığa və xalqların dostluğu üçün əhəmiyyətlidir".