BAKI, 20 iyul. TELEQRAF

Nazirlər Kabineti dəmirdən, poladdan çubuqlar və müəyyən şüşə növlərinin sərbəst dövriyyəyə buraxılmasına əlavə gömrük yığımları tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, çubuqların 1 tonu üçün 150 manat, armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün isə 100 manat məbləğində yığım 31 dekabr 2026-cı ilədək qüvvədə olacaq.

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın 1 tonu üçün - 150 manat" - qərarda qeyd edilib.